Elektrik enerjisinin istehsalı və ixracı xeyli artırılıb

Ötən ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2019-cu ilin iyul ayında 2,13 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4 % çoxdur.
Bu barədə məlumatı "Qafqazinfo"ya “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev verib.
O bildirib ki, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb:
"Bunun əsas səbəbi ötən ilin iyul ayında enerjisistemdə qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib. Belə ki, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 milyon kVts elektrik enerjisi ixrac edilib".


