gundem / video / ustxeber / Cəmiyyət / Manşet
29.11.2025
Aşağı Güzdək qaranlığa qərq olur – sakinlərin illərdir bitməyən problemi
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin bir qrup sakini "DogruXeber.tv" informasiya portalının redaksiyasına müraciət edərək, uzun illərdir həllini tapmayan infrastruktur problemi ilə bağlı narahatlıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, Bakı–Şamaxı magistral yolundan qəsəbəyə dönən küçə, həmçinin qəsəbədaxili yol sahələri hava qaraldıqdan sonra tamamilə zülmətə bürünür. Halbuki həmin yol boyunca müasir standartlara uyğun işıq dirəkləri quraşdırılıb. Lakin bu dirəklərin demək olar ki, heç birində işıq yanmır.
Müraciət edən sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə qəsəbə icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət ediblər. Lakin problem illərdir olduğu kimi qalır.
Bu isə bir sualı gündəmə gətirir: hal-hazırda ən elementar kommunal xidmət olan küçə işıqlandırılması hansı səbəbdən bərpa edilmir?
İctimai təhlükəsizlik baxımından küçə işıqlandırmasının işləməməsi ciddi risklər yaradır. Elmi araşdırmalar sübut edir ki, işıqlandırılmayan küçələrdə:
qəzaların ehtimalı artır,
cinayət halları və təhlükə riskləri yüksəlir,
insanlarda psixoloji gərginlik və narahatlıq yaradır.
Aşağı Güzdəkin sakinləri də məhz bu problemlərlə üz-üzədir.
Qəsəbə sakinləri qeyd edir ki, qaranlıq küçələrdə sahibsiz itlərin çoxluğu həm uşaqlar, həm də böyüklər üçün axşam saatlarında hərəkəti mümkünsüz edir.
Bu isə artıq təkcə kommunal deyil, həm də sosial təhlükəsizlik probleminə çevrilib. Qaranlıqla müşayiət olunan sahibsiz heyvanlar məsələsi aidiyyəti qurumların daha sistemli yanaşmasını tələb edir.
Sakinlərin illərdir davam edən bu problemi göstərir ki, mövcud infrastruktur ya düzgün istismar olunmur, ya da ümumiyyətlə nəzarətsiz qalıb.
"DogruXeber.tv" redaksiyası olaraq hesab edirik ki:
qəsəbədaxili işıq dirəklərinin işlək vəziyyətə gətirilməsi,
küçələrin işıqlandırılmasının monitorinqi,
sahibsiz itlərlə bağlı tədbirlərin gücləndirilməsi
aidiyyəti qurumların təcili müdaxilə etməli olduğu məsələlərdir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Video: https://youtube.com/shorts/K21WvXYNofM?si=1DAJ3wkaQFT8OJVx



