İcra başçısı: "Burada sel, zəlzələnin olması təbiidir"

"Qafqaz bölgəsi, xüsusilə İsmayıllı rayonu yeni yaranan kataklizm şəraitində yerləşir. Burada sel, daşqın, dağyaranma prosesi və zəlzələnin olması təbiidir".
Publika.az xəbər verir ki, bu sözləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat birifinqində deyib.
İcra başçısı bölgədə dağyaranma prosesinin davam etdiyini nəzərə alaraq aidiyyəti qurumların ərazidə tədqiqat işlərini genişləndirməsini tövsiyə edib:
“Düşünürəm ki, həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də digər əlaqədar təşkilatlar bu bölgədə geoloji tədqiqatlarına daha diqqətlə yanaşmalıdırlar. Bu gün rayonda geoloji aktivlik baxımdan sakitlikdir, lakin bilmək olmaz, bəlkə, bir həftədən sonra zəlzələ olacaq. Bunun üçün də yəqin ki, elmin indiki inkişaf mərhələsində idarəolunan qeyri-səlis məntiq adlı elmə müraciət edilməlidir. İndiki idarəetmə baxımdan küləkləri, yağışı müəyyən edə bilirik. İldırımın hansı əraziyə düşəcəyini əvvəldən bilmirik. Bunu bilmək qabaqlayıcı tədbirlərin görülməsi üçün vacibdir. Bu baxımdan təbiətin idarəedilməsi elmi haqqında insanlar maarifləndirilməlidirlər. İndi yağışı, havanı idarə etmək mümkündür. Bəzi təbii hadisələri qeyri-səlis nəzəriyyə vasitəsilə idarə etmək mümkündür. Bu baxımdan hər üç rayonda elmi tədqiqatların aparılması vacibdir”.


