Ərəblər Bakının kirayə ev bazarını canlandırdılar
![]()
Azərbaycana gələn müsəlman turistlər kirayə mənzillərə üz tutur; onlar əsasən Nərimanov və “Ağ şəhər”ə axışırlar…
Bakı ərəb turistlərdən sarı korluq çəkmir. Şəhərin mərkəzi gecə-gündüz bu yayın istisində ərəblərlə doludur. Azərbaycana gələn ərəb qonaqlar arasında həm ailəli olanlar var, həm də cavanlar. Onların əksəriyyəti Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İordaniya və İraqdandır.
Az sayda suriyalı, livanlı ərəb turistlə qarşılaşmaq mümkündür. Son zamanlarda isə ərəblər Bakıda kirayə evlərə üstünlük verməyə başlayıblar. Bu barədə “Yeni Müsavat”ın əməkdaşına əmlak alqı-satqısı ilə məşğul olan bir dəllal danışıb. Onun sözlərinə görə, Azərbaycanda 15 gün və ya bir ay qalan ərəb turistlər hotel yox, kirayə mənzilləri seçirlər. Bu halda az pul çıxır. Şəhərə bir həftəlik gələnlər isə qabaqcadan qalacaqları hoteli rezerv edirlər. Amma əksəriyyəti 10-14 gün qalmağa üstünlük verir.
Əmlakçı deyir ki, ərəblər Qəbələ, Hacıkənd, Quba, Şəki kimi yerlərə səfərlər edirlər. Sonra yenidən Bakıya qayıdırlar. Buna görə də ev kirayələyirlər ki, hotelə artıq xərc çıxmasın. Əsasən də ölkəyə ailəvi gələn ərəb turistlər kirayə mənzillə maraqlanırlar. Onun sözlərinə görə, turistlər daha çox Bakının Nərimanov rayonuna və “Ağ şəhər” istiqamətlərinə yerləşirlər.
Ərəblər 15 gün qalmaq üçün kirayə evə azı 1500-2000 manat xərcləyirlər. Amma hoteldə qalsalar, 15 günə ikiqatını verməli olacaqlar. Bu da istər-istəməz paytaxtda mənzil kirayəsi bazarını canlandırır. Mərkəzdə yaşayan insanlar evlərini ərəb turistlərə təklif edir, özləri isə müvəqqəti yaşamağa yerlər tapırlar, yaxud rayonlara qayıdırlar./Azinforum.az


