Azərbaycan minik avtomobillərinin idxalını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 18 740 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 9 152 ədəd və ya 95,5% çoxdur.
Dövlət Gömrük Komitəsindən dogruxeber.tv-a verilən məlumata görə, hesabat dövründə ölkəyə 101 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub, bu da 2018-ci ilin ilk altı ayı ilə müqayisədə 41 ədəd və ya 68,3% çoxdur.
Bundan başqa, cari ilin yanvar-iyun aylarında Azərbaycana 16 965 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 480 ədəd və ya 2 dəfə artıb.
Hesabat dövründə ölkəyə həmçinin 1 593 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 81 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu göstəricilər 615 ədəd və ya 62,9% və 16 ədəd və ya 24,6% artıb.


