“Bu gün valideynlər uşaqlarına repetitor tutmağa məcburdurlar, amma sistem dəyişəndə..."

Xəbər verdiyimiz kimi bir neçə gün öncə professor Şahlar Əsgərovun, “repetitorluq təhsili içərisindən yeyir və təhsildə çoxlu fəsadların səbəbidir” fikirləri müzakirələrə səbəb olub.
Sabiq təhsil naziri, professor Firudin Cəlilov Moderator.az-a açıqlamasında bu istiqamətlə kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb:
“Mövcud sistemdə valideynlər uşaqlarına repetitor tutmağa məcburdurlar. Amma sistemi dəyişəndə buna ehtiyac olmayacaq. Bunun üçün yeni bir konsepsiya işlənməlidir, yəni şagirdlər elə məktəblərdə öz müəllimləri tərəfindən hazırlanmalıdır. Bunun üçün isə mövcud olan qüsurlar aradan qalxmalı, müəllimlərin maaşı artmalı, şagirdlərin dərs yükü azaldılmalı və bir də universitetlərdə qəbul imtahanlarının formatı dəyişdirilməlidir. Yəni kompleks şəkildə islahatlar aparılsa, onda repetitorlara ehtiyac olmayacaq. İndi hamının imkanı yoxdu uşağını repetitor yanına göndərsin. Dövlət onsuz da şagirdlərin təhsil alması üçün pul ayırır”.


