gundem / sosial / bolge / Cəmiyyət
9.07.2024, 13:55
O, buna layiqdir...
Ötən gün ölkə başçısının müvafiq sərəncamları ilə üç rayona yeni icra başçıları təyin edilib.
"dogruxeber.tv" bildirir ki, həmin rayonlardan biri də Beyləqan rayonudur.
Qeyd edək ki, Beyləqan rayonu daha çox vətəndaş narazılığı olan rayonlardan biridir. Təəssüflə əlavə etməliyik ki, sözügedən rayonda demək olar ki, hər sahədə - təhsil, səhiyyə, yerli DSMF, bələdiyyə və sair bütün sahələrdə yerli sakinlərin etirazlarına səbəb olan boşluqlar mövcuddur. Hətta, bu rayonda xalqın ən həssas nümayəndələri - qazi, veteran və şəhid ailələri də çox zaman rayon rəhbərliyi tərəfindən diqqət göstərilmədiyindən, qəbul edilmədiklərindən gileylənirdilər. Buna misal olaraq, Aşağı Çəmənli kəndinin sakini Kətan Həsənovanın adını qeyd edə bilərik. Kətan ananın övladı 1996-cı ildə şəhid olub, amma yerli icra hakimiyyətinin səhlənkarlığı üzündən yalnız 2017-ci ildə ana ev növbəsinə yazıla bilib.
Sən demə yerli icra hakimiyyəti bu barədə aidiyyatı quruma heç bir məlumat göndərməyibmiş.
Məhz bu səbəbdən, ötən gün Əziz Əzizovun Beyləqan rayonuna İcra başçısı təyin edilməsini bu rayona yeni "günəş doğması" kimi dəyərləndiririk. Çünki, Əziz Əzizovun Suraxanı rayonunda İcra başçısı olduğu zamanlarda həmin rayonda olduğumuz şəhid məclisində yerli sakinlərin və şəhid ailələrinin onun barəsindəki ağız dolusu razılıqlarından əvvəllər də bəhs etmişdik.
Şəhid Rüfət Əsgərovun "il mərasimi"ndə maraqlı anlar - FOTO
Ölkə başçısının Beyləqan rayonu kimi narazı sakinlərinin bol olduğu bir rayona Əziz Əzizovu icra başçısı təyin etməsi əlbəttə ki, təsadüfi deyil. İdarəçilik işlərini mükəmməl bacaran və bu sahədə kifayət qədər təcrübəsi olan Əziz Əzizovun tezliklə Beyləqan rayonunda da nəzərəçarpacaq inkişafa nail olacağına əminik.
Qeyd edim ki, Əziz müəllim əslən Cəbrayıl rayonundandır və onun bu cür üz ağardan fəaliyyəti, uğurları, nailiyyətləri həmyerli kimi məni də qürurlandırır.
Odur ki, Əziz müəllimi şəxsən öz adımdan və redaksiyamın kollektivi adından təbrik edir, uğur nərdivanında daha yüksək pillələrə doğru maneəsiz addımlamasını arzulayıram.
Eyni zamanda Beyləqan rayon sakinlərini də təbrik edirik və inanırıq ki, Qarabağın bacarıqlı oğlu Əziz müəllimin rayonda yaradacağı inkişaf və intizam onların da ürəyincə olacaq.
dogruxeber.tv



