gundem / siyaset / Cəmiyyət
24.06.2025, 19:55
İranın güc nümayişi və Qərbin ideoloji-siyasi manevrləri: Yeni dünya düzənində güc balansının dəyişməsi
İranın son günlərdə İsrail və ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə – xüsusilə də Qətərdə yerləşən ABŞ bazalarına qarşı həyata keçirdiyi raket hücumları regional və qlobal güc balansında yeni bir mərhələnin başlandığını göstərdi.
Bu hadisə təkcə hərbi təpki və ya əks-həmlə deyildi. Bu, həm də İranın indiyədək Qərbin təqdim etdiyi “izolyasiya olunmuş, zəif və müdafiə mövqeyində dayanan” dövlət obrazını tam şəkildə dağıtdı. Tehran döyüş meydanında sərgilədiyi texnoloji, psixoloji və taktiki hazırlıqla sübut etdi ki, bölgənin sıradan bir aktoru deyil – o, güc mərkəzi olmaq iddiasını sadəcə ritorik səviyyədə yox, praktik göstəricilərlə ortaya qoyur.
İranın geosiyasi baxımdan fərqliliyi yalnız hərbi gücdə deyil, həm də dərin teoloji sistemə söykənən siyasi strukturundadır. Qərb, xüsusilə ABŞ və İsrail üçün təhlükəli olan yalnız İranın raketləri və dronları deyil – onun dini və ideoloji nüfuzu, alternativ İslam modelinin praktikaya keçirilməsi və bu modelin regionda təsir gücü qazanmasıdır.
Vaşinqtonun və Təl-Əvivin əsas narahatlığı da məhz budur: İran İslam Respublikasının mövcud olduğu formada davam etməsi, Qərbin Yaxın Şərqdə “kontrollü islam” anlayışını sual altına alır. Bu səbəbdən də son hücumları, sadəcə “cavab zərbəsi” kimi deyil, ideoloji hakimiyyətə qarşı çevriliş planının tərkib hissəsi kimi qiymətləndirmək olar.
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq siyasətində aqressiv addımlar atmağa cəhd etsə də, İranın verdiyi qarşılıqlar və sərgilədiyi müqavimət onu ciddi şəkildə çaşdırdı. ABŞ-ın “İran zəiflədilib və daxildən parçalanmaq üzrədir” təhlilləri bir daha yanlış çıxdı. Bu, Vaşinqtonun son illərdə bölgədəki siyasətinin ideoloji reallıqlardan uzaq, daha çox güc refleksinə əsaslandığını göstərir.
Eyni yanlış yanaşmanı daha əvvəl Rusiya ilə Ukrayna məsələsində də müşahidə etdik. Kreml Ukraynanı bir həftəyə ələ keçirəcəyini planlaşdırdı, lakin uzunmüddətli müqavimətlə qarşılaşdı. Maraqlıdır ki, bu uğursuzluqdan nəticə çıxarmayan ABŞ və müttəfiqləri eyni ssenarini İranda təkrarlamaq niyyətinə düşdülər. Lakin İranın strateji üstünlüyü – həm hərbi, həm ideoloji, həm də siyasi hazırlığı – bu cəhdləri puça çıxardı.
Nəticə: Yeni güc mərkəzləri və dəyişən geosiyasi nizam gələcəkdə bizə nəyi vəd edir?
İranın sərgilədiyi güc və strateji reflekslər sübut etdi ki, dünya təkqütblü deyil və artıq heç bir region Qərbin tam nəzarəti altında deyil. Müasir dövrdə güc sadəcə hərbi potensialla deyil, ideoloji davamlılıq, daxili sabitlik və siyasi iradə ilə ölçülür.
Qərb tərəfindən dayatılan "süni islam modeli", “liberal dəyərlər” və “geopolitik loyallıq” İranın timsalında ciddi suallar doğurmağa başlayıb. Tehran, Yaxın Şərqdə yalnız bir dövlət deyil – o, bir ideoloji mövqe, bir müqavimət modeli və yeni nizamın simvoludur.
Kamal Əsgərov
Araşdırmaçı jurnalist
"dogruxeber.tv" informasiya agentliyinin təsisçisi və rəhbəri



