Erməni həkimlər sidiyi çaydan ayıra bilmədi

Ermənistanın Masis şəhərində yerli xəstəxananın direktoru həmin tibb müəssisəsinin laboratoriyasında müayinəyə dəm almış çay təqdim edib, əvəzinə sidik analizinin nəticəsini əldə edib.
Bu barədə “Qazeta.ru” məlumat yayıb.
Məlumata görə, xəstəxananın rəhbəri Nune Avanesyan çoxsaylı şikayətlərin daxil olmasından sonra bu yolla tabeliyində olan işçiləri yoxlamağa çalışıb.
“Müxtəlif adlar altında qanımı analizə verirdim, hər dəfə də fərqli nəticələr alırdım.
Laboratoriyaya sidik əvəzinə dəm almış çay porsiyasını təqdim etdim, əvəzində sidik analizinin nəticəsini aldım, bütün hüceyrə komponentləri: eritrositlər, leykositlər, epitellər göstərilmişdi. Halbuki sadaladıqlarım çayda heç bir halda ola bilməz”, – deyə direktor bildirib.
Onun sözlərinə görə, müayinənin nəticələri pielonefrit xəstəsinin müayinə nəticələrinə uyğun olub. Həmin xəstəxananın əməkdaşları artıq xəbərdar edilib və insidentdən sonra 15 nəfərdən səkkizi ərizə verərək öz istəyi ilə işdən çıxıb./Oxu.Az


