Maşınla adam öldürən çempionun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı vuraraq öldürməkdə təqsirləndirilən dünya çempionu 29 yaşlı Urxan Orucovun məhkəməsi başlayıb.
Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın 11-də davam etdiriləcək.
İttihama görə, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarov vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib.
U.Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur. O, 2009-cu ildə Misirdə, 2010-cu ildə Almaniyada, 2015-ci ildə Türkiyədə keçirilən yarışlarda dünya çempionu adını qazanıb.
Murad Əhməd


