Bakıda icazəsiz balıq ovlayanlar cərimələndi
![]()
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsindəki “Vulf” adası yaxınlığında birgə reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, reyd zamanı icazəsiz balıq ovlanması faktı aşkarlanıb və brakonyerlər saxlanılıblar.
Araşdırma zamanı ov edənlərin paytaxt sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyənləşib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.
Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində, ümumilikdə 1463 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.


