Prezident İlham Əliyev Ağdam rayonunda səfərdədir

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Prezident rayonda açılışı olan yeni yolla da tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Bu yol Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib, 10 avtobus dayanacağı tikilib. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verilib.


