“Qəbələ”nin ilk qolunun müəllifi: “Qayıdan toplar uğrunda mübarizə aparmağım onun tapşırığıdır”

Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə “Qəbələ”nin ilk qoluna Asif Məmmədov imza atıb. Təcrübəli futbolçu I turun “Zirə” ilə ev oyununun (1:1) üçüncü dəqiqəsində erkən qol vurub.
Asif ilk turun görüşü barədə fikirlərini gabalafc.az saytına açıqlayıb:
“Zirə”yə qarşı matç mövsümdə ilk oyun idi. Həmişə birinci qarşılaşma çətin olur. Buna baxmayaraq, hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Görüş çox maraqlı, qarşılıqlı hücumlar şəraitində keçdi.
Hər iki komanda qalib gəlmək, mövsümə üç xalla başlamaq istəyirdi. Uzun fasilədən sonra ilk rəsmi matçımız idi. Çətin olacağını öncədən hiss edirdik.
Amma meydana çıxandan sonra bu çətinlik arxada qaldı. Qol vurduğum epizoda gəlincə, qayıdan ikinci toplar uğrunda mübarizə aparmağım baş məşqçinin tapşırığıdır. Oyunun gedişində yaranan epizod idi, bu da qolla nəticələndi”.
İlk turun nəticəsini ədalətli hesab edən Asif Məmmədov Premyer Liqada yaranan fasilənin komandaya mümkün təsirindən də danışıb: “Rəqib də hücumlar təşkil edirdi. Bu matçda həm uda, həm də uduza bilərdik. Ən ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın qol şansları oldu, amma istifadə edə bilmədi. Qarşıdakı fasilənin komandaya həm müsbət, həm də mənfi təsiri ola bilər.
İlk turda pis oynamadıq. Oyunlar davam etsəydi, daha yaxşı olardı. Digər tərəfdən komandaya yeni oyunçuların gəlməsi gözlənilir. Bu müddətdə yoxlama oyunlarının keçirilə biləcəyini də nəzərə alsaq, onların uyğunlaşması baxımından fasilə xeyrimizə olar”.


