Tünzaləyə jurnalist gödəkçəsini kim verib? - “Sui-istifadə halları olur”

Ötən gün Xalq artisti Tünzalə Ağayevanın jurnalist gödəkçəsində poza verməsi narazılıqla qarşılanıb. KİV işçiləri cəbhə bölgəsinə yollanan jurnalistlərin gödəkçə tapmadığı bir vaxtda ifaçının poza vermək üçün onu geyinməsini doğru hesab etməyiblər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bu gödəkçələrin Mətbuat Şurası tərəfindən verilmədiyini bildirib:
“Hazırda cəbhə bölgəsində istifadə olunan gödəkçələr xüsusi gödəkçələrdir, onların qoruyuculuq funksiyası var. Hələlik Mətbuat Şurası elə gödəkçələr istehsal etmir. O gödəkçələrin əksəriyyəti şəxsi sifarişlə hazırlanır, şirkətlərə sifariş verilərək hazırlanır və ya başqa qurumlar tərəfindən verilir. Mətbuat Şurasının hazırladığı standart gödəkçələr var, onlar indiyə qədər istifadə olunub. Bundan sonra MŞ onların dəyişilməsinə hazırlaşır, çünki əvvəlki gödəkçələr nömrəsiz və kodsuz idi və onu ayrı-ayrı adamlar istifadə edə bilirdi. Ona görə də MŞ gödəkçələrin verilməsinin hələlik dayandırıb”.
Müşfiq Ələsgərli qeyd edib ki, dünya praktikasında gödəkçələr vahid formada hazırlanır. Onlar nömrələnmiş və kodlanmış olur ki, kimin daşıdığı bəlli olsun. Əlbəttə, bəzən insanlar fərəhlənmək üçün və s. bu formaları geyinirlər, amma bu konkret olaraq uniformadır və yalnız jurnalistlər üçün nəzərdə tutulub. Bizdə olan gödəkçələrdə kodlaşdırma olmadığı üçün bəzən sui-istifadə halları olub, bu tip hallar müşahidə olunduğu üçün MŞ yeni təklif hazırlayır. Belə boşluqlar var və onların aradan qaldırılmasına ehtiyac var”.
Qeyd edək ki, sözügedən məsələ ilə ilə bağlı açıqlama verən T.Ağayeva jurnalistlərə dəstək üçün "Press" jilet geyindiyini demişdi.


