gundem / siyaset
19.08.2021
NATO Əfqanıstana hərbi müdaxilə edəcək?
DogruXebər.az : -NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
Bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də bildirib. "Yaxın koordinasiyamızı davam etdirmək və Əfqanıstanla bağlı ortaq yanaşmamızı müzakirə etmək üçün avqustun 20-də NATO xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırmışam", - deyə NATO baş katibi qeyd edib.
Toplantı videokonfrans formatında baş tutacaq. XİN başçılarının bu görüşündən Əfqanıstana hərbi müdaxilə qərarı çıxa bilər?
Bu sualı politoloq Pünhani Əsgərli Cebhe.info üçün cavablandırıb.
Onun fikrincə, artıq Əfqanıstana hərbi müdaxilənin faydasız olduğunu bəzi ölkələr bilir:
“Düşünmürəm ki, hər hansı hərbi müdaxilə olsun. Buna səbəb isə uzun müddətdən sonra təəssüf ki, “Taliban” vasitəsilə Əfqanıstanda sabitlik yaranmasıdır. Bu sabitliyin hər hansı hərbi müdaxilə ilə pozulmasını heç kim istəmir. Hətta Amerika Prezidenti Co Baydenin mətbuat açıqlamasında, Dövlət Departamentindən Blinkenin də müsahibələrində hərbi müdaxilənin faydasız olduğunu görmək olar. Amerika Əfqanıstanda qalan əsgərlərini də çıxaracaq. Bundan sonra atılacaq addımlar diplomatların çıxarılması, “Taliban”la münasibətlərin gələcəkdə necə qurulmasının müzakirəsi olacaq. İnsan haqlarının pozulması baş verdikdə bununla necə mübarizə aparılacağı müzakirə edilə bilər”.


