gundem / siyaset
8.09.2021
Dövlət Dumasının deputatı Azərbaycana növbəti dəfə böhtan atıb - NƏ NİŞANGAHA GƏLİR..
DogruXebər.az : - Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin Azərbaycan əleyhinə böhtan kampaniyasını davam etdirir.
Reyting.az xəbər verir ki, Zatulin Azərbaycana qarşı qarayaxma kampaniyasını separatçıların nəzarətində olan Xankəndi şəhərindəki “İctimai Televiziya”ya müsahibəsində davam etdirib.
Şovinist Zatulin bildirib ki, guya Azərbaycan həm Ermənistanı, həm də Rusiyanı sərhədlərin delimitasiya və demarkasiya olunmaması bəhanəsi ilə şantaj edir. Deputat Bakının indiki Ermənistan rəhbərliyinin daha bir addım atmasına, yəni Dağlıq Qarabağdakı ermənilərə hər hansı dəstəkdən imtina etməsinə çalışdığını deyib. O, bildirib ki, rəsmi Bakının bu istəyinin reallaşmayacağına ümid edir.
Ermənistan və “Dağlıq Qarabağ”dan gözlədikləri onların özündə güc tapması olduğunu deyən K. Zatulin xatırladıb ki, Rusiya bu gün müxtəlif addımlar atır, o cümlədən silah tədarükü artıq Azərbaycan prezidentinin narazılığına səbəb olub: “Rusiya Gorus-Qafan yolunun bağlanması problemini yenicə həll edib. Bu günkü mesajlar yolun sərbəst hərəkət etdiyini göstərir”.
Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətdən də söz açan Zatulin əlavə edib ki, əgər Ermənistan Respublikasına qarşı açıq təcavüz aktı törədilsə, o zaman Rusiyanın və KTMT-yə üzv olan digər ölkələrin müttəfiqlik öhdəlikləri qüvvəyə minəcək: “Təcavüz vəziyyətində üzv dövlətlərdən birinin ərazisini müdafiə etməyi öhdəsinə götürüblər. Əgər Azərbaycanın, Türkiyənin və ya başqasının Ermənistana qarşı hərəkətləri hərbi hücum, təcavüz xarakteri alarsa, Rusiya Azərbaycanla və ya bölgədəki başqa biri ilə yaxşı münasibətlərə baxmayaraq, KTMT-yə üzv dövlət kimi Ermənistana sadiqliyini nümayiş etdirməyə məcbur olacaq”.
Deputat əsl məqsədlərinin nə olduğunu da açıqlayıb. Deyib ki, Rusiyanın “Dağlıq Qarabağ”dan gedəcəyinə inanmır: “Bu, Ermənistan və Azərbaycanın Rusiyaya birgə müraciəti əsasında mümkündür. Əminəm ki, Rusiya Federasiyası bölgəyə ciddi şəkildə və uzunmüddətli gəlib. Rusiya müharibənin başlamaması üçün buradadır və bunu Türkiyəyə də izah edə biləcək”.
Rusiyalı deputat Türkiyənin rolunu “mənfi” nəticə kimi təqdim etməyə çalışıb, əslində Ankaranın sülhməramlı kontingentin tərkibində olmağa israr etdiyini, Rusiya-Türkiyə monitorinq mərkəzinin Moskva tərəfindən məcburi qərar kimi ortaya çıxdığını bildirib.


