gundem / Cəmiyyət
9.05.2022, 16:30
"Hökumət payız gəlməmiş limiti ləğv etməlidir" - ÇAĞIRIŞ
dogruxeber.tv: - "Bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin 78,9%-i (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib".
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib. Onun sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 21,1% və ya 510 751 min abonent keçib. Mayın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.
Qeyd edək ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.
Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. Son günlər havaların kəskin soyuq keçməsi ilə əlaqədar may ayında qaz istehlakını artırıb.
Doğrudur, "Azərqaz" limiti keçənlərin faizini təqdim etsə də, məsələn, limiti keçməyən abonentlərin necə faizinin limitinin nə qədər qaldığını göstərmir. Belə ki, 1200 kubmetrdən 1199 kubmetr də isitfadə etsən, limiti keçməmiş sayılırsan. Ona görə də payızda istehlakçılar yenə də problemlə üzləşməli olacaqlar və bu, ciddi etirazlar yaradacaq.
Maraqlıdır, təbii qaz ölkəsi kimi tanınan Azərbaycanda limitin tətbiqinə ehtiyac varmı və niyə qaz ixracatçısı olan ölkənin vətəndaşları məhz limitə görə soyuq şəraitdə yaşamalıdırlar?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bidlirdi ki, ölkədə qaza limitin tətbiqi Azərbaycan vətəndaşlarına haqsızlıqdır:
"Çünki neft-qaz ölkəsi olan Azərbaycanda belə bir limitin tətbiq olunmasına ehtiyac yoxdur. Bu gün Azərbaycanın qaz satdığı ölkələrdə belə, limitlər tətbiq edilmir. Nə Gürcüstanda, nə Rusiyada, nə də Avropa ölkələrində belə limitlər var. Çünki əksinə, müxtəlif günlərdə fərqli, daha ucuz tariflərlə hesablama qaydası, müxtəlif bonuslar, vətəndaşların xeyrinə olan dəyişikliklər var. Doğrudur, Azərbaycana nisbətən həmin ölkələrdə təbii qazın qiyməti yüksəkdir, ancaq hər halda müəyyən bonusların təqdiminin şahidi oluruq. Yeri gəlmişkən, Azərbaycanın istifadə etdiyi qazın bir hissəsini də BP şirkəti pulsuz verir. Belə ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nə əsasən, səmt qazı Azərbaycana pulsuz verilir. Hər il təqribən 2,5-3 milyard kubmetrə yaxın qaz SOCAR-a təqdim olunur. SOCAR isə ancaq daşınma xərclərini ödəyir. Ölkədə sırf əhalinin istifadə etdiyi təbii qazın həcmi ümumilikdə 4 -5 milyard kubmetrdir. Yəni Azərbaycan pulsuz qaz alır və əhalinin istifadə etdiyi qaza görə limitin tətbiqi məntiqə uyğun deyil".
Ekspertin fikrincə, birinci növbədə limitlər ləğv edilməlidir:
"Azərbaycan hökuməti, "Azəriqaz" bununla bağlı bir daha düşünməli və limitlərin tıtbiqi, limitlərə görə qiymət tətbiqinə son verilməlidir ki, əhali də rahat şəkildə təbii qazdan istifadə edib, onun pulunu ödəməyə imkanı olsun. Yəni Azərbaycanda limiti keçənlərin sayının az olması o demək deyil ki, vəziyyət yaxşıdır. Bəzi ailələr var ki, qənaətlə işlətməyə məcbur olur, evi soyuq saxlayırlar. Bütün bunlar limit məsələsinə təsir göstərir. Çünki limitin olması və qiymətlərlə bağlı bəzi ailələr hətta daha az təbii qazdan istifadə etməyə məcbur olurlar. Limiti keçəndə daha böyük həcmdə ödəniş etməyə imkanları yoxdur. Ona görə də ilk növbədə Azərbaycanda qaz tətbiq edilən limit tamamilə aradan qaldırılmalıdır".


