gundem / sosial / Cəmiyyət
25.06.2025
Diplom Var, İş Yox – Gənclik Hara Gedir?
dogruxeber.tv: - Dörd il oxuyursan, gecə-gündüz imtahanlara hazırlaşırsan, ailən borca düşür, bəzən toy bəzəyini satır, bəzən də “bir diplomu olsun” deyə son qəpiklərini xərcləyir. Nəticədə? Ən yaxşı halda bir marketdə kassirlik, ya da kuryerlik. Əgər bəxtin gətirsə, bir ofisdə “prinsipləri olmayan çayçı” kimi başlaya bilərsən.
Dövlətimiz təhsil məsələsində qürurla deyir: "Hər il minlərlə tələbə universitetə qəbul olur!"
Qəbuldadır problem?
Qətiyyən! Problem – həmin tələbələrin məzun olduqdan sonra “dəftərdən silinməsi”dir. Diplom verir, amma sonra "özün bilirsən də" deyib, gözünü qırpmadan kənara çəkilir.
Əmək bazarıyla universitetlər arasında elə bir əlaqə var ki... – əslində yoxdu!
İş elanı verən şirkət deyir: “3 il təcrübə, 2 dil biliyi, mükəmməl kommunikasiya, 25 yaş, amma 22 yaşında bitir.” Tələbə soruşur: “Bu təcrübəni harada qazanım?”
Cavab sadədir: “Bizimlə yox!”
Təsəvvür edin: ölkədə hər il minlərlə iqtisadçı, hüquqşünas, müəllim məzun olur, amma bazarda bu ixtisasların qarşılığı yox dərəcəsindədir. Nəticədə ölkənin ən savadlı hüquqşünası evdə freelance dizaynerlik edir, iqtisadçı isə kargo şirkətində yükləri daşıyır.
"dogruxeber.tv" qeyd edir ki, hər gün daha çox gənc ölkədən getmək istəyir. Yox, bu o demək deyil ki, vətən sevilmir. Sadəcə vətən, onu sevən gənclərə iş təklif edə bilmir. Nə kariyera, nə inkişaf, nə də sosial təminat. Dövlət isə bu gənclərin arxasınca yalnız bir dəfə baxır – seçkidə səs verəndə.
Bəzi məmurlar çıxış edir: “Gənclər iş seçir!” Hə, elə bil gənclər başqalarının həyatını yaşayır. Problem işin çətinliyi yox, 300 manat maaşla bir ailə dolandırmağın mümkün olmamasıdır. İş var – amma yaşamaq mümkün deyil.
Əslində, problem nə təkcə diplomda, nə də təcrübədədir. Problem sistemdədir. Planlaşdırılmamış təhsil siyasəti, zəif əmək bazarı və “hər şey özünlədir” məntiqi ilə gənclik boşa gedir. İndi oxumaq da, işləmək də, yaşamaq da sənin öz probleminə çevrilib.
Dövlət yalnız “Gənclər bizim gələcəyimizdir” deməklə kifayətlənir. Amma bir sual: bu qədər gələcəyi işsiz qoyan keçmişə nə ad verək?
dogruxeber.tv


