gundem / Cəmiyyət
1.09.2025
Məmur övladlarının lüks həyatı – sosial ədalət hardadır?
Son illər cəmiyyətdə ən çox narazılıq doğuran məsələlərdən biri də məmur övladlarının qurduqları dəbdəbəli həyatdır. İnsanlar ağır zəhmətlə gündəlik dolanışıq axtararkən, bəzi yüksək vəzifəli şəxslərin övladları az yaşlarından böyük bizneslərin sahibi olur, bahalı avtomobillər və villalarla gündəmə gəlirlər.
“dogruxeber.tv” yazır ki, bu hal sadə vətəndaşlarda haqlı suallar yaradır: belə sərvətlərin mənbəyi haradandır?
Məsələnin daha acı tərəfi odur ki, həmin şəxslərin əksəriyyəti heç bir real təcrübəyə malik olmadan rəhbər kürsülərə oturdulur. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun, həmçinin Ülvi Quliyevin övladlarının az yaşdan müxtəlif biznes strukturlarına rəhbərlik etməsi uzun müddətdir müzakirə olunan faktlardandır. Bu, cəmiyyətdə sosial ədalət prinsiplərinin pozulduğunu açıq şəkildə göstərir.
“dogruxeber.tv” qeyd edir ki, belə halların mövcudluğu dövlətə və qanunlara olan inamı zəiflədir. Əgər sadə vətəndaş illərlə təhsil alıb iş tapa bilmirsə, məmur övladlarının isə gənc yaşlarından var-dövlət içində yaşaması, bizneslərə rəhbərlik etməsi ictimai qəzəbi artırır. Ədalətin bərpası üçün bu sahədə şəffaflığın təmin olunması və sərt nəzarət mexanizmlərinin tətbiqi zəruridir.


