gundem / siyaset
16.06.2026
Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
VIDEO BURADA:https://vt.tiktok.com/ZSQqShCsn/
Tanınmış jurnalist, DogruXeber.tv informasiya portalının rəhbəri Kəmal Əsgərov Facebook sosial şəbəkəsində maraqlı status paylaşıb. Həmin statusu olduğu kimi sizlərə təqdim edirik:
Son günlər bəzi deputatların səsləndirdiyi fikirlər cəmiyyətdə haqlı olaraq ciddi suallar doğurur.
Deputat Aqil Abbas tələbələrin yay tətilində Qarabağa gedərək tikinti işlərində könüllü çalışmasını təklif edir. Hətta tələbələrin iki ay "avara gəzməkdənsə" faydalı işlə məşğul olmasının daha doğru olacağını bildirir. İlk baxışdan vətənpərvərlik ruhunda səslənən bu təklifin mahiyyətinə nəzər saldıqda isə ortaya tamamilə fərqli suallar çıxır.
Maraqlıdır, niyə hər dəfə fədakarlıq, pulsuz əmək və çətinliklər sadə vətəndaşların, xüsusilə də gənclərin payına düşür? Niyə yüksək vəzifələr, imtiyazlar və təminatlı həyat isə məmur övladlarının və yüksək çinli şəxslərin ailə üzvlərinin payına düşür? Əgər Qarabağın quruculuğu ümummilli məsuliyyətdirsə, bu məsuliyyət cəmiyyətin bütün təbəqələri arasında bərabər bölüşdürülməlidir. Yalnız sadə insanların övladlarına "gedin, pulsuz işləyin" deməklə sosial ədalət təmin olunmur.
Digər tərəfdən, deputat Ceyhun Məmmədov cəmiyyətdə ailə institutlarının zəiflədiyini, mənəvi dəyərlərin aşındığını, insanlar arasında hörmət və münasibətlərin əvvəlki səviyyədə olmadığını qeyd edir. Bu fikirlərlə razılaşanlar da tapılar, razılaşmayanlar da. Lakin burada əsas sual başqadır.
Əgər doğrudan da cəmiyyət bu vəziyyətə gəlib çıxıbsa, bunun məsuliyyəti kimlərin üzərindədir? Dövlət idarəçiliyində, qanunvericilik sistemində, təhsil siyasətində, sosial və iqtisadi proseslərin tənzimlənməsində illərdir söz sahibi olan şəxslər bu sualdan kənarda qala bilərlərmi?
Bu gün insanların sosial problemlər içərisində yaşaması, gənclərin gələcəyə inamının azalması, ailələrin iqtisadi çətinliklərlə üzləşməsi, cəmiyyətdə aqressiyanın və narazılığın artması təsadüfən yaranmayıb. Bunlar illərlə formalaşan siyasi, sosial və iqtisadi proseslərin nəticəsidir.
Ona görə də deputatların cəmiyyəti tənqid etməzdən əvvəl güzgüyə baxmaları daha doğru olardı. Çünki bu gün cəmiyyətin problemlərindən danışanların əksəriyyəti həmin problemlərin yaranmasına səbəb olan və ya onların həllində məsuliyyət daşıyan strukturların nümayəndələridir.
Cəmiyyət öz-özünə bu hala düşməyib. Bu gün vətəndaşın yaşadığı problemlər, ailələrin üzləşdiyi çətinliklər, gənclərin narazılığı və mənəvi aşınma haqqında danışılırsa, ilk növbədə həmin vəziyyətin yaranmasında payı olanlar məsuliyyətlərini etiraf etməli, sonra isə çıxış yolu təklif etməlidirlər.
Əks halda, xalqın qarşısında problemləri sadalamaq yox, onların həlli üçün real addımlar atmaq daha faydalı olardı.



