gundem / sosial / Cəmiyyət
19.08.2025
Evlənmək niyə artıq "dəbdə deyil"?
Son illərdə “evlilik” sözü gənclərin danışığında daha az eşidilir, daha az planlaşdırılır.
Nə üçün?
“dogruxeber.tv”ın apardığı araşdırmalar göstərir ki, evlilik artıq çoxlarının həyatında “müstəqil seçim” deyil, daha çox bir “yük”, bəzən isə “risq” kimi qəbul olunur.
Əvvəllər evlilik həyatın ən təbii mərhələsi sayılırdı. İnsanlar gənc yaşda ailə qurur, birlikdə gələcək planlayırdılar. Amma indi vəziyyət dəyişib. İqtisadi çətinliklər, işsizlik, gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial təzyiqlər və hətta fərdi azadlıq arzusunun artması gəncləri evlənməkdən çəkindirir. Bu, yalnız bir fərd problemi deyil – bu, bütün cəmiyyətin dərin sosial transformasiyasının nəticəsidir.
“dogruxeber.tv”ın müsahibi olan gənclər bildirir ki, pensiya, maaşın azlığı və işsizlik fonunda ailə qurmaq çox risklidir. Kirayə, təhsil haqqı, uşaq baxımı kimi xərclər isə əlavə yükdür. Həm də indiki gənclik üçün karyera, özünüinkişaf və səyahət kimi fərdi prioritetlər ailədən öncə gəlir. Onlar evliliyi “həyatlarının ən gözəl dönəmi” yox, “mürəkkəb və qayğı dolu” mərhələ kimi görürlər.
Bu sosial dəyişiklik ailə institutunun gələcəyinə dair ciddi suallar yaradır. Belə vəziyyətdə hökumət və cəmiyyət hansı addımları atmalıdır?
“dogruxeber.tv” olaraq düşünürük ki, gənclərin sosial rifahının artırılması, işsizliklə mübarizə və ailə dəstəyinə yönəlmiş proqramlar daha da aktuallaşıb.
Evlənmək artıq bir “dəb” deyil, bəlkə də böyük bir “məsuliyyət və cəsarət” işidir. Cəmiyyətimiz bu gerçəklə üz-üzədir və ona uyğun yenilənməlidir.


