gundem / Cəmiyyət
23.04.2026, 13:15
Etimadın kölgəsində böyüyən sərvət
“Dogruxeber.tv” informasiya portalının baş redaktoru, jurnalist Kamal Əsgərov “Facebook” səhifəsində maraqlı fikirlər bildirib.
Cəmiyyətdə ən çox narahatlıq doğuran məsələlərdən biri də məmur–xalq arasındakı sosial uçurumun getdikcə dərinləşməsidir. Son günlər mediada Əli Əsədov haqqında yayılan mülklər siyahısı isə bu sualları daha da kəskinləşdirir.
Bir məmurun bu qədər geniş biznes və daşınmaz əmlak portfelinə sahib olması sadəcə “uğurlu idarəçilik” kimi izah edilə bilməz. Əksinə, bu cür məlumatlar ictimaiyyətdə belə bir fikir formalaşdırır ki, vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə edilib.
DogruXeber.tv olaraq hesab edirik ki, əgər bu iddialar doğrudursa, bu, yalnız fərdi məsələ deyil – bu, dövlətə olan etimadın sarsılması deməkdir.
Ölkə başçısının verdiyi etimad yüksək məsuliyyət tələb edir. Bu etimaddan sui-istifadə etmək isə təkcə qanuni deyil, həm də mənəvi baxımdan ciddi suallar doğurur. Xalq sadə yaşayış uğrunda mübarizə apararkən, məmurun bu qədər sərvət toplaması cəmiyyət üçün qəbulolunan görünmür.
Əgər yayılan məlumatlar əsassızdırsa, şəffaf və açıq izahat verilməlidir. Əks halda, susqunluq yalnız şübhələri artırır.



