Deputat: Repressiya qurbanlarının məzarlarının axtarışı üçün komissiya yaradılmalıdır

Repressiya qurbanlarının məzarlarının tapılması üçün komissiya yaradılmalı, onlarla bağlı araşdırma aparılmalıdır.
Bunu AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, Milli Məclisin deputatı Rafael Hüseynov dahi şair, repressiya qurbanı Mikayıl Müşfiqin nəşinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Alim təkcə Azərbaycanda deyil, Rusiyada, Orta Asiyada keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin arxivində saxlanılan yüzlərlə sənədlərdən əldə etdiyi faktlardan bəhs edib.
Bildirib ki, güllələnməyə məhkum olanların işlərində hökmün yerinə yetirilməsi ilə bağlı aktlar olduğu halda, onların harada və necə dəfn olunması ilə bağlı sənədə rast gəlinmir. Müşfiqə aid olduğu ehtimal edilən qalıqların ortaya çıxması əslində bir çox ideyaların həyata keçirilməsi üçün başlanğıc ola bilər:
"Yəni bu hadisə itkin, eləcə də naməlum məzarlar haqqında bir daha düşünməyə əsas verir".
1937-ci ildə, hətta bir gün ərzində bir neçə nəfərin qətlə yetirildiyini deyən akademik eyni ərəfədə öldürülən şəxslərin fərdi məzarlarda basdırılmasının inandırıcı görünmədiyini deyib.
O bildirib ki, həmin dövrdə güllələnənlərin bəzilərinin istifadədən çıxmış neft quyularında basdırılması ənənəsi də olub:
Bununla bağlı Dövlət Təhlükəsizlik Komitəsindən real faktların əldə etməyin mümkün olduğunu vurğulayan alim həmin məlumatlar vasitəsilə başqa məzarların da axtarılması üçün imkan yaranacağını qeyd edib./Trend


