Azərbaycanda karantin müddəti uzadıldı - RƏSMİ (YENİLƏNİB)












Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxub, 146 min 88 nəfər vəfat edib.

dogruxeber.tv-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.

Bildirilir ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 20 aprel 2020-ci il tarixinədək isə xüsusi karantin rejimi elan edilib.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılıb, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilib, burada müalicə-profilaktika işləri həyata keçirilib, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirib və koronavirusla mürabizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini verib. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanıb.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanıb, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilib, xaricdən xəstəliyin idxalının qarşısı alınıb.

Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixindən bugünədək 1373 nəfər bu xəstəliyə tutulub, 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86 607 test aparılıb.

Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

Bu baxımdan xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.



COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik.

*** 20:06

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə karantin rejiminin uzadılması barədə qərar qəbul edib.

Unikal.org xəbər verir ki, Qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.

3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər