Gələn il minimum maaş artırılmayacaq, bəs qiymətlər? - ARAŞDIRMA

dogruxeber.tv: - Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyindən aydın olur ki, minimum əməkhaqqı gələn il dəyişməyəcək, elə 345 manat qalacaq. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı sonuncu rəqəmlərə görə, 2023-cü ilin ilk doqquz ayında ölkədə inflyasiya 10.9 faiz olub. Bu, Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəfindən (2-6 faiz) iki dəfəyə yaxın yüksək göstəricidir. Deməli, hətta rəsmi rəqəmlər də son bir ildə manatın alıcılıq qabiliyyətinin 10 faiz azaldığını göstərir. Azərbaycanda inflyasiyanın necə hesablanması ilə bağlı mübahisəli məqamların olduğu nəzərə alınsa, gerçək azalma daha yüksək həddədir.

Belə yüksək inflyasiya səviyyəsində ölkədə minimum əməkhaqqının artırılmaması o deməkdir ki, bahalaşmanın əhalinin rifahına təsiri aradan qaldırılmayacaq. Unutmaq olmaz ki, Azərbaycanda yetərincə çox şəxsin aylıq maaşı elə minimum əməkhaqqı qədərdir. Öncəki illərdə minimum maaşın artımı ilə bağlı açıqlamalarda bildirilirdi ki, bu artımlar ölkədə 600 minə yaxın işçinin gəlirinə təsir göstərəcək. Bu rəqəm ölkədə rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərin təxminən üçdə biri anlamına gəlir.

Minimum maaş yaşayış minimumuna bərabərləşir
Gələn ilə dair açıqlanan göstəricilərdən daha biri yaşayış minimumu ilə bağlıdır. Hesablama Palatasının rəyindən anlaşılır ki, gələn il ölkə üzrə yaşayış minimumu 270 manat olacaq. Bu, 2023-cü ildəki göstərici ilə (246 manat) müqayisədə 10 faiz artım deməkdir. Uyğun qanunvericiliyə görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən oluşan sosial normadır. Bu həddən az gəlir əldə edənlər yoxsul sayılırlar. Yaşayış minimumunun dəyərinin artması o deməkdir ki, minimum istehlak səbətinin də dəyəri artıb. Bu səbətsə insanların yaşayışı üçün ən minimal ehtiyaclardan ibarətdir. Başqa deyimlə, hökumət yaşayış minimumunu artırmaqla insanların hətta ən minimal ehtiyaclarını ödəməyə gərəkən vəsaitin də artdığını qəbul etmiş olur. Di gəl, bunu qəbul etsə də, minimum maaş alanların gəlirini artırmır.

Gələn il ölkədə yaşayış minimumu 270 manat nəzərdə tutulsa da, əməkqabiliyyətli əhali qrupunun yaşayış minimumu 287 manat olacaq. Onu da unutmaq olmaz ki, 345 manat minimum maaşdan vergi və sosial ödənişlər də tutulur. Deməli, Azərbaycanda minimum əməkhaqqı səviyyəsində (345 manat) maaş alan işçi özəl sektorda çalışırsa, 316 manat, dövlət sektorunda çalışırsa, 306 manat net gəlir qazanır. Bu da, az qala, yaşayış minimumuna bərabər göstərici deməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yaşayış minimumunun real minimum ehtiyacları ödəməsi məsələsini müstəqil ekspertlər birmənalı qarşılamırlar. Axı yaşayış minimumunun hesablanmasında istifadə edilən minimum istehlak səbətinin tərkibi beynəlxalq standartlara cavab vermir. Bu baxımdan, indi ölkədə minimum maaş səviyyəsində gəlir əldə edən insanların öz real minimum ehtiyaclarını qarşılaması mümkün deyil.

Xatırlamağa dəyər ki, hökumət hələ 2012-ci ildə qəbul etdiyi "Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf konsepsiyası adlı sənəddə 2020-ci ilədək Azərbaycanda minimum əməkhaqqının orta aylıq maaşın 60 faizinə çatdırılacağını vəd etmişdi. Ancaq nə 2020-ci ildə, nə də indiyədək hökumət bu vədinə yaxın düşə bilməyib. Hazırda ölkədə orta aylıq əməkhaqqı səviyyəsi 923 manatdır. Başqa deyimlə, indi minimum maaş orta aylıq maaşın cəmi 37 faizi qədərdir. Hökumət 60 faiz vədini gerçəkləşdirə bilsəydi, ölkədə minimum əməkhaqqı 550 manata yaxın olmalıydı.

Ötən illərin təcrübəsi nə göstərir?
Onu da nəzərə almaq lazımdır ki, bəzi hallarda Azərbaycan hökuməti minimum əməkhaqqının artırılmasına dair qərarını il başladıqdan sonra açıqlayır. Məsələn, 2023-cü ildə minimum maaşın artımı ilə bağlı qərar yanvarın 5-də elan edilmişdi. Ancaq minimum əməkhaqqına belə yanaşma tam anlaşılan deyil, axı onun öncədən bilinməsi çox vacibdir. Söhbət büdcə sənədlərinin hazırlanmasından, özəl sektorun növbəti ilə əməkhaqqı fondunu planlamasından gedir. Təəssüf ki, Azərbaycanda qərar qəbulu zamanı belə hallara rast gəlinir və bu tip məqamlar nəzərə alınmır. Müstəqil ekspertlər də Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılabilən olmamasını vurğulayırlar.

Bu halın yaranmasının əsas səbəblərindən biri ölkədə qərar qəbulunda iştirakçılığın olmamasıdır. Axı bir çox ölkənin təcrübəsində minimum maaşın müəyyənləşdirilməsi yetərincə ciddi proses sayılır. Bəzi ölkələrdə minimum əməkhaqqı hökumətlə, işçi və işəgötürənlərin nümayəndələrindən ibarət komissiyaların müzakirələri nəticəsində bilinir. Digər qrup ölkələrdə bu məbləğ qızğın parlament müzakirələrində dəqiqləşdirilir. Azərbaycanda isə minimum əməkhaqqı yalnız prezident sərəncamı ilə açıqlanır və prosesdə iştirakçılıq təmin edilmir. Bu baxımdan, işçi hüquqlarının qorunduğu ölkələrdə ilboyu 10 faizdən yüksək inflyasiya qeydə alınarsa, minimum maaşın artırılmaması böyük narazılıq doğurur və tətillərə səbəb olur.

Gələn illə bağlı bir məqam da diqqət çəkir. Ölkədə seçkilər gözlənilir. Mərkəzi Seçki Komissiyasına ayrılan vəsaitin iki dəfədən çox artırılması bu gözləntiləri daha da artırıb. Ötən illərin təcrübəsi göstərir ki, hökumət seçki illərində seçkilərə az zaman qalmış maaş və pensiyaları artırmaqla seçicilərin qərarına təsir göstərməyə çalışır. Bu baxımdan, 2024-cü ilin əvvəlindən minimum maaş və minimum pensiya məbləğinin artırılmamasının səbəblərindən biri də həmin artımı seçkiyə az müddət qalmış açıqlamaq ola bilər.// AzadlıqRadiosu ©

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər