gundem / sosial / bolge / ustxeber / Cəmiyyət
21.06.2025, 12:45
Qaxda icra başçısı klanı çökdü: Sükutu pozan əməliyyat – Kimlərin növbəsi gələcək?
dogruxeber.tv: - Nəhayət, uzun sürən səssizlik pozuldu. Cəzasızlıq mühitində kök salmış məmur özbaşınalığına qarşı ilk ciddi zərbə endirildi. Cəmiyyətin səbir kasası dolmuşdu. Vətəndaşın dövlətdən ümidini kəsdiyi anda – dövlət hərəkətə keçdi.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Qax rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev, onun müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova saxlanılıb. Onlar rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.
Əldə edilən məlumatlara görə, bu şəxslər əməlləri ilə təkcə dövlət büdcəsini deyil, minlərlə vətəndaşın haqqını da mənimsəyiblər. Ən diqqətçəkən məqam isə odur ki, saxlanılan icra başçısı Musa Şəkiliyev təsadüfi məmur deyil. O, baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, eləcə də Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz və Əhməd Əhmədzadə isə doğma qardaşdır. Bu fakt bir daha sübut edir ki, dövlət strukturlarında qohum-qardaş şəbəkəsi hələ də ciddi problem olaraq qalır.
Musa Şəkiliyev 2010-cu ildən Qax rayonunun rəhbəri idi. Bu müddət ərzində rayonun sosial-iqtisadi inkişafı barədə təqdim edilən şişirdilmiş rəqəmlər sadəcə statistik kağız üzərində qaldı. Gerçəklik isə xalqdan oğurlanan haqlar, istismar edilən imkanlar və məmur səltənətinin sərvətlərlə zənginləşməsindən ibarət idi.
Bu həbslər bir sualı yenidən gündəmə gətirir: Bəs digərləri niyə hələ də vəzifədədir?
Əgər Qaxda cinayət varsa, Sabunçuda, Zaqatalada, Salyanda, Cəlilabadda, Neftçalada, Qusarda və digər bölgələrdə nə baş verir?
Biz hələ də fəaliyyətində ciddi şübhələr olan digər icra başçılarının adlarını çəkməkdən çəkinmirik:
Adil Əliyev
Adil Vəliyev
Elxan Allahverdiyev
Kamal Həsənov
Elçin Rzayev
Elnur Rzayev
İlqar Mahmudov
Elşən Salahov
Bu şəxslərin rəhbərlik etdikləri rayonlarda qanunsuz tikintilər, yerli büdcənin talanması və sadə vətəndaşın hüquqlarının tapdanması hallarına dair şikayətlər ard-arda gəlir. Qanunsuz tikililərin arxasında kimlər dayanır? Niyə Şəhərsalma və Arxitektura Komitəsi bu məsələlərə göz yumur?
Komitənin rəhbəri Anar Quliyev və birinci müavini Namiq Hümbətov sadəcə tamaşaçı rolunda çıxış edirlər. Halbuki, bu qurumun borcudur ki, ölkə üzrə bütün tikinti işlərinə hüquqi nəzarət həyata keçirsin. Amma biz, "dogruxeber.tv" olaraq dəfələrlə bu quruma ünvanladığımız sorğulara formal və başdansovdu cavablarla yola verildik.
Artıq kifayətdir! Bu gün Qaxda başlayan proses sabah digər rayonlara da yayılmalıdır. Cəzasızlıq toxumu cəmiyyətin ədalət hissini məhv edir. Qanunsuzluğun mükafatlandırıldığı bir ölkə sabit gələcək və güclü dövlət ola bilməz.
"dogruxeber.tv" olaraq bildiririk ki, vətəndaşın haqqının yeyildiyi yerdə susmayacağıq! Və bu prosesin ardının gələcəyinə inanırıq!
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
dogruxeber.tv.



