“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karonavirus pandemiyası dönəmində
bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və
təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. Hasilat, geoloji kəşfiyyat, inşaat
eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.
“AzerGold” QSC pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan
məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin
qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava
daşıyıcı şirkətinin təklif etdiyi əlverişi şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac
nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə
saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.
İxrac nəticəsində 6,769.37 unsiya qızıl, 15,758.29 unsiya gümüşün satışından ümumilikdə
12 165 755,02 ABŞ dolları (20,681,783.53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb
edilib.
Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1756.80 ABŞ
dolları (2986.56 AZN), gümüş isə 17.34 ABŞ dolları (29.49 AZN) dəyərində satılıb. Bu,
“AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bugünə qədər
əldə edilmiş ən yüksək məbləğ hesab olunur.


