gundem / Cəmiyyət
22.04.2026, 10:15
Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə
“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi nəqliyyat vasitələrinin cari təmiri xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
DogruXeber.tv xəbər verir ki, atınalmanın nəticəsi olaraq "Diamond Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və tərəflər arasında 49.067,57 AZN məbləğində müqavilə imzalanıb.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ilə məşğul olan qurumun nəqliyyat parkının işlək vəziyyətdə saxlanılması strateji əhəmiyyət kəsb etsə də, təkcə "cari təmir" işləri üçün 50 min manata yaxın vəsaitin ayrılması diqqət çəkir. Müqavilə çərçivəsində "Diamond Motors" MMC tərəfindən nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və cari nasazlıqların aradan qaldırılması nəzərdə tutulur. Bu həcmdə vəsaitin xərclənmə səmərəliliyi və təmir olunacaq avtomobillərin sayı barədə detallı məlumat verilməsə də, rəsmi sənədləşmə prosesi artıq başa çatıb.
Qeyd edək ki, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin (PHŞ) hazırkı icraçı direktoru Rafiq Bakir oğlu Salmanovdur.//32gun.az


