Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb

Bakıda piyadanı yük avtomobili ilə vuraraq ölümünə səbəb olan “KamAZ” sürücüsünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb.
dogruxeber.tv bildirir ki, bu il martın 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi “KamAZ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktı qeydə alınıb. Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Lakin daha sonra Z.Ömərovun hadisəni qəsdən törətdiyi ortaya çıxıb. Ona verilən ittiham dəyişidirilib. Z.Ömərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
(Apa.az)


