“Tam ənənəvi təhsilə keçsək belə, hibrid təhsil formasından istifadə edəcəyik”

Pandemiya ilə əlaqədar olaraq ölkə üzrə orta ümumtəhsil müəssisələrində hibrid təhsil formasından istifadə edilir. Ənənəvi tədrisin bərpası çoxlarının arzusu olsa da, hibrid təhsil forması heç də hər kəs tərəfindən birmənalı şəkildə qarşılanmır və iddia edirlər ki, bu, distant təhsildən daha çətindir.
Mövzu ilə bağlı Pravda.az saytına danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov bildirib ki, bu gün hər birimizin vəzifəsi nəyisə müqayisə etmək, mübahisələndirmək deyil, hamılıqla vəziyyətə müvafiq daha optimal və rasional vasitələr üzərində düşünüb konkret təkliflər verməliyik.
Ekspertin sözlərinə görə, hər şey yoluna düşəndən sonra da hibrid təhsil formasından istifadəyə davam etməliyik: “Nəzərə almaq lazımdır ki, təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində olan məsələ deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. Hesab edirəm ki, vəziyyətin bundan sonra necə olacağından asılı olmayaraq, onlayn formada dərslər davam etdiriləcəkdir. Biz tam ənənəvi təhsilə keçsək belə, hibrid təhsil formasından istifadə edəcəyik. Bu o demək deyil ki, sabah hər şey öz axarına düşərsə, distant təhsildən imtina etməliyik. Distant təhsil Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Bu formatda dərslər həmişə davam etdirilməlidir ki, insanlar yeni çağırışlara, hər cür vəziyyətə hazır olsun. Ümid edək ki, vəziyyət tədricən öz normal axarına düşəcək, təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq, distan təhsillə bağlı konkret qaydalar işlənəcək”.
N.İsrafilov həmçinin qeyd edib ki, özündə klassik və yeni texnologiyaları birləşdirən, “Hibrid” adlandırdığımız təhsil formasından, vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda davam edəcək: “O ki qaldı hibrid təhsil forması ucbatından yaranan müəyyən çətinliklərdən çıxış yoluna, məktəblərdə müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır, yerlərə müvafiq tövsiyələr göndərilir. Dərslərin sayı normativi aşmadan müəyyən edilməklə dərs cədvəlinin məktəb səviyyəsində tərtib edilməsi tövsiyə olunur. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunmasına xüsusi diqqət yetirilir. Təkrar edirəm, əsas odur ki, müvəqqəti vəziyyətlə əlaqədar hər kəs tərəfindən anlayış və həmrəylik nümayiş etdirilsin, vəziyyət obyektiv qiymətləndirilsin”.
Qeyd: Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq tənzimlənir.


