gundem / siyaset / idman
19.06.2026
Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi
İrəvanın kollektiv təhlükəsizlik formatlarından uzaqlaşaraq Qərb hərbi qüvvələri ilə yaxınlaşması regionda yeni geosiyasi gərginlik ocağı formalaşdırır. İyunun 17-dən 25-nə qədər davam edən “Eagle Partner 2026” birgə hərbi təlimləri məhz bu qırılmanın ən bariz göstəricisidir. Rəsmi olaraq beynəlxalq sülhməramlı missiyalara hazırlıq missiyası daşıdığı bəyan edilsə də, ABŞ-la yanaşı, builki manevrlərə Fransa və Yunanıstan hərbçilərinin də cəlb olunması prosesin miqyasını genişləndirir. Erməni ekspert David Mkrtçyan bu addımı kəskin tənqid edərək bildirib ki, rəsmi İrəvanın NATO elementlərini bölgəyə gətirməsi Rusiya və İrana qarşı açıq bir provokasiyadır: "Bu təhlükəli siyasətin ağır fəsadlarını Ermənistan birbaşa öz üzərində hiss edəcək. Qərbə sığınmaq cəhdləri ölkənin son məhvinə və yerli əhalinin bu torpaqlardan tamamilə didərgin düşməsinə rəvac verə bilər".
Paralel olaraq, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri tamamilə qopmaq üzrədir. Təxminən iki ildir ki, təşkilatın heç bir tədbirinə qatılmayan Ermənistan, bu dəfə də üzvlük haqqını ödəməkdən imtina edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq KTMT öz nizamnamə öhdəliklərini yerinə yetirməyən üzvlərə qarşı cəza mexanizmlərini və xüsusi maddələri işə salmağı nəzərdən keçirir. Qərblə hərbi tərəfdaşlığı dərinləşdirən Ermənistanın özünü hansı təhdidlərlə üz-üzə qoyduğu isə hazırda regional analitikanın əsas sualıdır.
DogruXeber.tv bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, İrəvanın bu manevrləri Cənubi Qafqazda güc balansını pozmağa yönəlmiş növbəti məsuliyyətsiz addımdır: "Ermənistan rəhbərliyi elə zənn edir ki, ABŞ, Fransa və Yunanıstan hərbçilərini öz ərazisinə toplamaqla Rusiyanın regiondakı hərbi-siyasi rıçaqlarını neytrallaşdıra bilər. Lakin reallıq tamamilə fərqlidir. Təlimlərin coğrafiyası və tərkibi həm Moskvanı, həm də regional sabitlikdə maraqlı olan Tehranı ciddi şəkildə qıcıqlandırır. KTMT-nin sanksiyaları və Kremlin iqtisadi-siyasi təzyiqləri işə düşəcəyi təqdirdə, Qərbin İrəvana real kömək edə bilməyəcəyi hər kəsə bəllidir. Bu, Ermənistan dövlətçiliyi üçün intihardan başqa bir şey deyil".
Onun sözlərinə görə, bu təlimlər həm də regionda sülh prosesini baltalamağa xidmət edir: "İrəvan sülhməramlı missiya adı altında ordusunu Qərb standartlarına uyğunlaşdırdığını iddia etsə də, əslində regionda yeni bir hərbi plasdarm rolunu oynamağa razılıq verir. Fransa və Yunanıstan kimi ölkələrin bura hərbi qüvvə göndərməsi Ermənistanda revanşist meyilləri stimullaşdırır. Amma unudurlar ki, nə Rusiya, nə də öz sərhədində NATO infrastrukturu görmək istəməyən İran bu cür addımlara dözümlü yanaşmayacaq. KTMT ilə açıq qarşıdurmaya gedən, üzvlük haqqını belə ödəməyən bir ölkənin NATO oyunlarında piyada kimi istifadə olunması Ermənistanı geosiyasi poliqona çevirir və yaxın gələcəkdə onun üçün çox ağır regional təhlükəsizlik böhranı vəd edir".



