gundem / siyaset / dunya
2.06.2026
Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...
"Stratfor" analitik mərkəzi Ermənistan və Türkiyə arasında əlaqələrin mümkün normallaşma prosesinin Cənubi Qafqazda ciddi geosiyasi nəticələr doğura biləcəyini bildirib.
DogruXeber.tv xəbər verir ki, mərkəzin qiymətləndirməsinə görə, son illərdə uzunmüddətli gərginlikdən sonra İrəvan və Ankara münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atmağa başlayıb. Bu proses xüsusilə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha da aktuallaşıb.
Analitiklər qeyd edirlər ki, Ermənistan eyni zamanda Rusiyadan asılılığını azaltmağa və Qərblə siyasi, iqtisadi və hərbi əlaqələri genişləndirməyə çalışır.
"Stratfor"un hesabatında vurğulanır ki, Ermənistan-Türkiyə yaxınlaşması Türkiyənin regionda “orta güc mərkəzi” kimi rolunu gücləndirə, eyni zamanda onun Avropa, Qafqaz və Yaxın Şərq arasında körpü funksiyasını artıraraq mövqelərini möhkəmləndirə bilər. Bu ssenari həmçinin regionda İranın təsir imkanlarını qismən zəiflədə bilər.
Ermənistan üçün isə bu yaxınlaşma yeni ticarət marşrutlarının açılması, Qərb bazarlarına çıxışın genişlənməsi və xarici iqtisadi əlaqələrin diversifikasiyası kimi imkanlar yarada bilər.
Bununla belə, sənəddə xüsusi vurğulanır ki, Rusiya amili hələ də əsas məhdudlaşdırıcı faktor olaraq qalır. Moskvanın iqtisadi və siyasi təsir rıçaqları Ermənistanın Türkiyə və Qərblə yaxınlaşma sürətinə birbaşa təsir göstərə bilər.
Analitiklər həmçinin bildirirlər ki, Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı ölkədaxili siyasi proseslərdən və qarşıdan gələn seçkilərin nəticələrindən də asılı ola bilər.



