gundem / siyaset / dunya
2.06.2026
"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onun ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyündən Avropa İttifaqına (Aİ) inteqrasiya kursunu irəlilətmək üçün istifadə etdiyini bildirib.
DogruXeber.tv xəbər verir ki, rusiyalı spiker Paşinyanın bütün problemlərini AİB-in, ilk növbədə isə Rusiyanın hesabına həll etməyə çalışdığını vurğulayıb.
"Paşinyan Avropa İttifaqına keçid etmək üçün Avrasiya İqtisadi Birliyindən istifadə edir", - deyə Volodin qeyd edib.
Duma sədrinin bu bəyanatına Paşinyanın məhdudiyyətlər ucbatından Rusiyaya çatdırılmayacaq "hər bir xarab olmuş bibərə görə pul ödəyəcəyi" barədə verdiyi açıqlama olub.
Spiker iddia edir ki, Ermənistan rəhbərliyi əhalini AİB-dən çıxmağın mümkün fəsadları barədə məlumatlandırmır. Onun sözlərinə görə, belə bir addım atılacağı təqdirdə ölkə sakinləri üçün qazın qiyməti təxminən 4 dəfə bahalaşacaq, Rusiyadan pul köçürmələri kəskin şəkildə azalacaq, miqrasiya güzəştləri ləğv ediləcək, həmçinin tərəvəz, meyvə, spirtli içkilər və mineral sular da daxil olmaqla Ermənistan məhsullarının Rusiyaya tədarükü dayandırıla bilər.
"Eyni ssenari Ukraynada da baş vermişdi. Avropa İttifaqı ilə inteqrasiya barədə qərar qəbul edilərkən tam fərqli vədlər verilirdi. Reallıqda isə məlum oldu ki, Ukraynanın kənd təsərrüfatı məhsulları, demək olar ki, Avropa bazarlarına buraxılmadı", - deyə Volodin bəyan edib.
Dövlət Dumasının sədrinin fikrincə, eyni tale Ermənistanı da gözləyir. O əlavə edib ki, Paşinyan, güman ki, Ermənistanı Aİ-yə qoşmaq barədə şəxsi öhdəlik götürüb və hazırda bunu yerinə yetirir, bu prosesin bütün xərclərini isə AİB və Rusiyanın üzərinə yıxmağa çalışır.
Volodin fikirlərini bu sözlərlə tamamlayıb: "Aydındır ki, onu erməni xalqının taleyi və Ermənistanın dövlətçiliyi maraqlandırmır. O, bu yolla fərdi hakimiyyətini qoruyub saxlayacağını düşünür. Bunun bədəli çox ağır olacaq".



