gundem / siyaset / Cəmiyyət
2.06.2026
Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama
“Nəqliyyat şəbəkəmizə yeni Bakı-Tbilisi-Qars dəmir yolu xətti əlavə olunur. Bu, Avropanı Asiya ilə birləşdirən və müvafiq olaraq regionda yükdaşımaları üçün bizə əlavə imkanlar verən Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir”.
DogruXeber.tv xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bu gün planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı ilə əlaqədar deyib.
Nazir müavininin sözlərinə görə, bu, təkcə Gürcüstan üçün deyil, həm də bütün region üçün vacib və simvolik gündür.
“Bu nəqliyyat xətti 2017-ci ildən bəri sınaq rejimində fəaliyyət göstərir və daşımaların dinamikası artır. Əminik ki, birlikdə çalışaraq bu dəmir yolunu tam gücüylə işə sala biləcəyik. Bu illər ərzində bir sıra genişmiqyaslı təşəbbüslər həyata keçirilib, mən son bir ildə görülən işləri xüsusilə qeyd edərdim. Bu ilin may ayında Baş nazir İrakli Kobaxidzenin Bakıya səfəri zamanı Birgə Koordinasiya Şurasının protokolu imzalanıb və bunun əsasında yeni dəmir yolu xətti tam istismara verilir”, - Tamar İoseliani qeyd edib.
Nazir müavininin sözlərinə görə, proqnozlaşdırılan rəqəm təxminən beş milyon tondur. Həmçinin bildirib ki, birgə səylərlə adı çəkilən nəqliyyat xəttinin tam yüklənməsi üçün əlavə yük cəlb etmək mümkün olacaq.



