gundem / siyaset
24.12.2021
"Pakistanın Ermənistanla əlaqə qurmaq planı yoxdur" - NET MÖVQE
“Pakistanın Ermənistanla nə hər hansı münasibət qurmaq planı, nə də iki ölkə arasında diplomatik əlaqələrin yaradılması ehtimalı var”.
"dogruxeber.tv" AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “İslamabad Post” Pakistanın hökuməti mənbələrinə istinadən məlumat yayıb. Bundan əvvəl beynəlxalq mətbuat Ermənistan prezidentinin Pakistanla münasibət qurmaq arzusunu ifadə etdiyi barədə xəbər paylaşıb. İslamadın rəsmi dairələri isə buna reaksiya verərkən, belə təklifin qəti şəkildə nəzərdən keçirilmədiyini açıqlayıb.
“Pakistan uzun müddət Ermənistanı Azərbaycan ərazilərini qanunsuz işğal etmiş təcavüzkar hesab edib. Məhz 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan torpaqlarını erməni işğalından azad etdi” , - rəsmi mənbə əlavə edib.
Məqalədə xatırladılır ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuata verdiyi müsahibədə Kəşmir məsələsində Hindistanın mövqeyini dəstəklədiklərini və dəstəkləməyə davam edəcəklərini açıqlayıb.
“Belə bəyanatın fonunda Hindistanı dəstəkləyən bir ölkə ilə necə münasibət qurmaq olar”, - Pakistan XİN-dəki mənbə bildirib.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun üzvüdür. Bu Təmas Qrupunda 5 ölkə - Azərbaycan, Türkiyə, Pakistan, Niger və Səudiyyə Ərəbistanı təmsil olunur.


