gundem / iqtisadiyyat / sosial / Təhsil / bolge / Cəmiyyət
9.06.2022
"Azərbaycan Dövlət Aqrar Universitetində rektorun PUL QUYUSU" - İTTİHAM
Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı ölkə başçısı İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri İnam Kərimova şikayət məktubu ünvanlayıb.
Bir nüsxxəsi də "dogruxeber.tv"ın elektron ünvanına göndərilən məktubdadeyilir:
"Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Naziri,cənab İnam Kərimova
Azərbaycan Dövlət Aqrar Universitetində rektorun “PUL QUYUSU”
Cənab Prezident! Bir əsrə yaxın yaşı olan Azərbaycan Dövlət Aqrar Universiteti daim dövlətin diqqət və nəzarəti altında olmuşdur. Bu universitetdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və siyasi inkişafında böyük rolu olan mütəxəssislər, aqrar sahə üzrə əmək qəhrəmanları və dahi alimlər yetişmişdir. Bu mütəxəssis və alimlər bu universitetin elmindən, təhsilindən bəhrələnərək tarixdə öz sözlərini demiş ziyalılarımız olmuşdur. Çünki bu ziyalılar universitetdə daim diqqət, sayqı və hörmət görmüşlər. Universitet rəhbərliyi bu insanların yetişməsində və çalışmasında daim yardımçı olmuşdur.
Lakin bu gün bunlar tamamilə yaddan çıxmışdır. Bu gün burada çalışan insanlar küçə söyüşləri (hətta bəzilərinin valideynləri belə alçaldıcı təhqirlərə məruz qalır) ilə rektor İbrahim Cəfərov tərəfindən daim təhqir olunur. Burada dekanlara və kafedra müdirlərinə tapşırıq verəndə belə söyüş qoyulur. Bunun qarşısını kim alacaq? Hər dəfə mətbuatda qeyd edilməsinə baxmayaraq, rektor İbrahim Cəfərov getdikcə təhqir və söyüşlərini daha da artırır.
Əgər İbrahim Cəfərovun tərcümeyi-halına diqqət yetirsəniz, görərsiz ki, bu insan 32 yaşında institutu qurtarıb. Özü də necə? Hazırlıq yolu ilə və kolxoz göndərişi ilə. Yəni, çətin və güzəştli yollarla. Ona görə də bu insan sanki sonradan görən şəxs kimi davranışlar sərgiləyir. Çox maraqlıdır, savadı olmayan, çirkli yollarla müdafiə edən, kitabları və dissertantlarının dissertasiyaları plagiat olan bu insan birdən-birə necə akademik oldu? Əlbəttə əyri yollarla. Moskvada aspiranturada rus dilində yazı yaza bilməyən İbrahim Cəfərovun əvəzinə mərhum diplom rəhbəri Sarif müəllim yazı yazaraq imtahan vermişdir (Sonralar onun da ünvanına küçə söyüşləri işlədib təhqir etmişdir). Dərc etdirdiyi kitab və dərsliklər plagiat olmaqla yöndəmsiz tərcümədir.
Belə fırıldaq yollarla vəzifəyə yüksələn İbrahim Cəfərov bu gün heç kimi qəbul etmək istəmir. Bəzi adamların yanında öz otağında belə mən heç kimi tanımıram, mənə heç kim bata bilməz (nə nazir, nə başçı, nə də kimsə). Belə yerdə deyirlər: “Burda mənəm, Bağdadda kor xəlifə”.
Ona görə də elmli, tədrisi bilən və qabiliyyətli insanları daim təhqir edir. Əgər bu haqda anonim sorğu keçirilsə, universitetin bütün əməkdaşları bunu təsdiqləyəcəklər. Ona görə də vəzifələrə təcrübəsi olmayan, tədrisi və elmi bilməyən, küçə söyüşlərini qəbul edən, özünün dediyi kimi xəstə “uşaqları” təyin edir. Çünki, bu kimi uşaqlardan və savadsızlardan pul almaq olar. Hamı bilir ki, İbrahim Cəfərovun bir amalı var - o da, puldur. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin bütün maşınları ona xidmət edir. Belə ki, universitetin 20–AE-386 seriyalı QAZ-31 markalı maşını (ailə maşınıdır, deyirlər) onun ailəsinə xidmət edir.
Əgər İbrahim Cəfərovun rəhbərliyi dövrünə nəzər salsaq görərik ki, bir nəfər belə onun rektorluğu dövründə elmlər doktoru dissertasiyasını müdafiə edə bilməmişdir. Hətta müdafiə etmək istəyən (elmlər doktoru proqramı üzrə) müəllimlərə mane olur. İbrahim Cəfərovun rektorluğu dövründə bir çox qabiliyyətli və savadlı müəllimlər onun küçə söyüşlərini və təhqirlərini eşitməmək üçün buradakı işindən imtina edib, Gəncə Dövlət Universitetinə və Azərbaycan Texnologiya Universitetinə getmişlər. (Nəcəf Qurbanov, Zakir Əhmədov, Afiyəddin Məmmədov, Qalibə Məmmədova və s. qeyd etmək olar). Onların əvəzinə isə ancaq savadsız gəncləri 8-10 min manat müqabilində rüşvət alaraq işə götürmüşdür. İşə qəbul üçün nə müsabiqə, nə konkurs, nə müsahibə, nə də sərbəst mövzuda çıxış belə dinlənilmir. Çünki pul bütün bunların hamısını əvəz edir.
İbrahim Cəfərov bütün imtahan sessiyalarında min oyun çıxardaraq ancaq pul toplamaq üçün yollar axtarır. Demək olar ki, rüşvət almağa patent verilsəydi, bu gün onun patentlərinin sayı-hesabı yox idi. Hətta tələbələrin yekun yaradıcılıq işi kimi, aldığı təhsilin nəticəsi kimi diplom, buraxılış işlərini ləğv etmiş və həyasızcasına ildə hər tələbədən 500-600 manat (tək özü) rüşvət toplamağı bacarmışdır. İclasların bir çoxunda "istədiyim bir əməliyyatı edib, oradan 100 min manat götürə bilərəm" deyir (bəzən də kimdənsə rüşvəti alır, sonra deyir ki, balası ölsün bunun bir stəkan suyunu içənin). İndi də bəzi dekanlara küçə söyüşü qoyur ki, dövlət imtahanına pul yığmayın, bəzilərinə isə pul yığmaqla bağlı gizli tapşırıq vermişdir. İqtisadiyyat fakültəsində Asəf deyilən “kaşelyok” ləqəbli dekan var. İndi ona 600 manatdan pul yığmaq tapşırığı verilib. O biri dekanlara isə tələbəni kəsin və sonra həll edərsiniz deyirlər.
Sanki rektor İbrahim Cəfərov Aqrar Universitetə öz həyətindəki “pul quyusu” kimi baxır.
Cənab Prezident!
Hörmətli İnam Kərimov!
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində çalışan professor-müəllim kollektivi rektor İbrahim Cəfərovun küçə söyüşlərindən qurtulmaq üçün Sizdən amnistiya qərarı gözləyir.
Hörmətlə, Azərbaycan Dövlət Aqrar Universitetinin söyüş və təhqirə məruz qalan əməkdaşları adından
Ramil Yəhyayev"
Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
dogruxeber.tv


