gundem / sosial / bolge / ustxeber / Cəmiyyət
11.07.2025
Cəbrayıl narahatdır: Rayonun bircə “dayağı” Kamal müəllimə nəsə olsa, biz kimə sığınacağıq?
"dogruxeber.tv" xəbər verir ki, Cəbrayıl rayon sakinlərinin halı yaxşı deyil. Yox, nə zəlzələ olub, nə su basıb, nə də hər hansı digər fövqəladə hadisə. Sadəcə... rayonun dayağı, ümidi, güvənc yeri olan icra başçısı Kamal Həsənovun səhhətində problem var.
Bəli, bu, artıq tək-tək fərdlərin narahatlığı deyil – bu, bir rayonun ürək ağrısıdır! Və bu narahatlıq o qədər dərinə işləyib ki, bəzi vətəndaşlar gecələr belə yata bilmir, bəziləri isə dua edirlər ki, Allah Hitlerin ömründən kəsib bizim Kamal müəllimin ömrünə calasın. (Əgər ruhu inciməzsə...)
Çünki bu rayonda bir ümid var – o da Kamal müəllimdir. Keçmiş müavini Fəridə xanımın dediyi kimi:
“Səysən min sakini olan bir rayonun başçısıdır.”
Elə buna görə də “Allah eləməmişkən, başımıza bir iş gəlsə, dərdimizi kimə deyəcəyik?” sualı hər yanda eşidilir.
Və əgər siz düşünürsünüzsə ki, bu dərdi müavin Tapdıq Nəsirov yüngülləşdirə bilər – yanılırsınız. Çünki Tapdıq müəllim də bir "tapılmaz nemətə" çevrilib. Zənglərə cavab vermir. Sanki Qafqaz dağlarına çəkilib, ya da ruh kimi dolaşır – görünür, eşidilir, amma tutulmur!
Narahatlıq o qədər ciddidir ki, Cəbrayılın tanınmış araşdırmaçı jurnalisti Kamal Əsgərov belə səbrini itirib. Öz sözləri ilə desək:
“Bizdən qaçmayın, görmürük-görmürük, heç olmasa telefonlarımızı açın!”
Əgər bu yazını oxuyanlar arasında Tapdıq müəllimi görən, eşidən, hardasa rast gələn olarsa, zəhmət olmasa ona deyin:
“Cəbrayıl səni axtarır! Sakinlər narahatdır! Jurnalist Kamal Əsgərovun ürəyi partlayacaq az qala!”
Əziz Cəbrayıl sakinləri! Səbirli olun, möhkəm durun. Hələlik “fəaliyyəti ilə gündəmə gəlməyən”, amma “mövcudluğu ilə ürəklərə su səpən” bir başçımız var – onun qədrini bilək! Və mümkünsə, dövlət səviyyəsində bir “Ehtiyat Başçı Fondu” yaradılsın. Biz bilək ki, birdən Kamal müəllimə nəsə olsa, rayon sahibsiz qalmayacaq.
P.S. Bu yazı bir vətəndaşın içdən gələn, bir qədər də ironik narahatlığının ifadəsidir. Əgər rayonda hər şey qaydasındadırsa, onda niyə telefonlara cavab verilmir?
DoğruXeber.az: Kamal Əsgərov
Rayon sakini, jurnalist və narahatlıq üzrə ixtisaslaşmış tənqidçi



