gundem / sosial / Səhiyyə / Cəmiyyət
5.08.2025, 10:00
Dövlət xəstəxanalarında “pulsuz” anlayışı kağız üzərində qalıb
Azərbaycanda dövlət xəstəxanaları nominal olaraq pulsuz tibbi xidmət göstərsə də, reallıq tamamilə fərqlidir. Vətəndaşlar həkim qəbulundan analizlərə, palatada qalmaqdan dərman təminatına qədər bir çox sahədə ya rüşvət ödəməyə, ya da bütün xərcləri öz cibindən qarşılamağa məcbur olur.
“dogruxeber.tv” redaksiyasına daxil olan çoxsaylı şikayətlərə əsasən, xüsusilə rayon xəstəxanalarında sistematik rüşvət halları adi praktikaya çevrilib. Əgər xəstə tanış vasitəsilə gəlməyibsə, ona ya laqeyd münasibət göstərilir, ya da açıq şəkildə əlavə “təşəkkür” istənilir. Həkimlər isə qeyri-rəsmi ödənişlərin onların dolanışığı üçün zəruri olduğunu deyirlər.
Əsas dərmanların olmaması, tibbi avadanlıqların sıradan çıxması və ixtisaslı kadr çatışmazlığı kimi problemlər isə vəziyyəti daha da ağırlaşdırır. İnsanlar ən sadə müalicə üçün ya özəl klinikalara yönəlirlər, ya da ölkə xaricində yardım axtarırlar. Bu da aşağı və orta gəlirli ailələr üçün əlçatmaz seçimə çevrilir.
İcbari Tibbi Sığorta sisteminin tətbiqindən gözləntilər böyük olsa da, indiyə qədər real nəticələr geniş ictimaiyyətdə hiss olunmayıb.
“dogruxeber.tv” olaraq qeyd edirik ki, səhiyyə sahəsində əsaslı dəyişikliklər və şəffaflıq təmin olunmadan, insanların sağlamlıq hüququ kağız üzərində qalmaqda davam edəcək.


