gundem / sosial / Cəmiyyət
6.08.2025, 17:30
Su yoxdur – susqunluq içində susuzluq
Yay fəslində Azərbaycanın bir çox bölgəsində insanlar suya möhtac yaşayırlar. Paytaxt Bakıda belə, bəzi ərazilərdə günlərlə su gəlmədiyi hallarda, cənub, qərb, şimal-qərb və dağ kəndlərində vəziyyət daha da acınacaqlıdır. Rayonlarda bəzən günlərlə, hətta həftələrlə içməli su gəlmir.
Masallı, Tovuz, Gədəbəy, Quba, Qax, Lerik və Yardımlı rayonlarında yaşayan insanlar “dogruxeber.tv”a bildirirlər ki, su problemi sadəcə mövsümi deyil – bu, illərlə uzanan bir laqeydliyin nəticəsidir. Kəndlərdə borular ya köhnəlib, ya ümumiyyətlə yoxdur. Yeni su layihələri isə ya kağız üzərindədir, ya da yalnız bir neçə məntəqəyə qədər çəkilib, orada da artıq nasazdır. İnsanlar su almaq üçün saatlarla növbədə durur, bəzən tankerlərlə daşınan suyun da keyfiyyəti mübahisə doğurur.
Tovuz rayonunun Alakol kəndində sakinlər bildirir ki, onların əsas içməli su mənbəyi yağış sularıdır. Gədəbəydə içməli su adı ilə paylanan mayenin tərkibi analiz zamanı təhlükəli çıxıb. Qubanın dağ kəndlərində qadınlar hələ də səhərlər 3–4 kilometr məsafəni daşıma ilə su gətirirlər. Lerikdə isə azyaşlı uşaqların səhər dərsə getmək əvəzinə su növbəsinə durması artıq adi haldır.
Bu vəziyyət kənd təsərrüfatına da zərbə vurur. Torpağı var, amma su yoxdur. Heyvandarlıqla məşğul olan insanlar günün çoxunu su daşımaqla keçirirlər. Ən acınacaqlısı isə budur ki, bir çox bölgədə suyun texniki təminatı var, amma vətəndaşa çatmır. Çünki ya sistem köhnədir, ya da korrupsiya səbəbindən işlər səthi aparılıb.
“dogruxeber.tv” qeyd edir ki, bu məsələ ilə bağlı rəsmi qurumlara dəfələrlə müraciət olunub. Cavablar isə, adətən, “növbəti layihə çərçivəsində baxılacaq”, “təmir işləri planlaşdırılır” və ya “problem yerində araşdırılır” cümlələrindən o yana keçmir. Lakin problem heç yerində də araşdırılmır – çünki əhali ilə birbaşa təmas yoxdur. Su isə həyati ehtiyacdır və bu ehtiyacın ödənməməsi artıq insanların dözümlülüyünü yox, ümidsizliyini artırır.



