gundem / Cəmiyyət
11.08.2025
Azərbaycan kəndlərində unudulmuş təbii müalicə üsulları
Azərbaycan kəndlərində illər öncə geniş istifadə olunan təbii müalicə üsulları bu gün bir çoxları tərəfindən unudulub. Xalq arasında nəsildən-nəslə ötürülən bu biliklər əhalinin gündəlik həyatında mühüm yer tutub.
"dogruxeber.tv" yazır ki, bu üsullar həm əlçatanlığı, həm də əlavə kimyəvi təsirlərin olmaması baxımından uzun müddət etibarlı müalicə vasitəsi kimi istifadə olunub.
Təbii müalicə vasitələri arasında daha çox rast gəlinənlərdən biri soğan və sarımsaq qarışıqları olub. İltihab əleyhinə və immun sistemini gücləndirici təsirə malik bu məhsullar kənd sakinləri tərəfindən soyuqdəymə, öskürək və hətta bəzi dəri xəstəliklərinin müalicəsində tətbiq olunub. Həmçinin isti duz torbası, dağ bitkilərindən hazırlanan çaylar və məlhəmlər, quru buxar vannaları da geniş yayılmışdı.
Bəzi bölgələrdə arı zəhəri ilə müalicə – apiterapiya – xüsusilə oynaq ağrılarında istifadə olunub. Çayır çiçəklərindən hazırlanan təbii məlhəmlər isə həm dəri yaralarının sağaldılmasında, həm də revmatizm əlamətlərinin azaldılmasında təsirli hesab olunurdu.
"dogruxeber.tv" bildirir ki, qədimdə qadınlar doğuşdan sonra bədəni bərpa etmək üçün xüsusi ot qarışıqları ilə vanna qəbul edərmişlər.
Bu cür üsulların bir çoxu müasir tibbin kölgəsində qalıb. Lakin kəndlərdə yaşayan yaşlı nəsil hələ də bu bilikləri qoruyub saxlayır. Onların təcrübəsi, təbii müalicənin insan orqanizminə necə təsir etdiyini anlamaq baxımından dəyərlidir.


