gundem / Təhsil / Cəmiyyət
19.08.2025
Məktəb direktorları – Yeni oliqarxlar?
Son illər təhsil sistemi haqqında danışanda, bəziləri sanki bank sektorundan, bəziləri isə özəl klinikalardan bəhs edir. Amma yox, söhbət adi dövlət məktəblərindən gedir.
“dogruxeber.tv”a daxil olan çoxsaylı şikayətlər və müşahidələr göstərir ki, bəzi məktəb direktorları artıq sadəcə “təhsil idarəçiləri” deyil – onlar real iqtisadi aktorlara, bəzən isə yerli oliqarxlara çevriliblər.
Artıq məktəbə uşaq yazdırmaq elə bil ki, ipoteka sənədləri toplamaq qədər mürəkkəbləşib. Bəzən valideyn “uşaq hələ birinci sinfə də getməyib, amma 3 dəfə pul yığıblar” deyə şikayət edir. Adı dəyişsə də, mahiyyəti dəyişməyən “fond pulu”, “kağız pulu”, “təmizlik pulu”, “qış üçün istilik pulu”, “yemək otağına yardım” və nə bilim daha nələr... Bunların heç biri rəsmi deyil, amma hamı bilir ki, verməsən — uşaq gözdən düşər, müəllim inciməz, amma baxmaz.
“dogruxeber.tv”ın əldə etdiyi məlumatlara görə, bəzi məktəblərdə bir sinfin il ərzində yığdığı fond pulu 5–10 min manata qədər yüksəlir. Bu vəsaitin hansı hissəsinin təhsilə, hansı hissəsinin şəxsi ciblərə yönəldiyi isə heç bir sənəddə göstərilmir. Rəsmi yoxlama soruşanda cavab sadədir: “Valideynlər könüllü yığıb.” Yəni özbaşına könüllülük.
Daha pisi isə odur ki, bu “sistem” təkcə fond pulu ilə bitmir. Valideynlər dərs ilindən əvvəl “şirinlik” gətirməyə, müəllimləri xoş tutmağa, direktorun “gözünə girməyə” çalışırlar. Çünki yaxşı münasibət – yaxşı qiymət, rahatlıq və sakit baş deməkdir.
Məktəb rəhbərliyi bir növ lokal avtoritet kimi fəaliyyət göstərir. Məktəbdə bəzən nə Təhsil Nazirliyinin təlimatı, nə də dövlət siyasəti keçərlidir – direktorun “öz qanunu” var. Bu qanun da əsasən “kim nə qədər verir, o qədər yer tutur” prinsipi ilə işləyir. Valideyn etiraz etsə – uşaq sıxışdırıla bilər. Müəllim səsini çıxarsa – dərs bölgüsündə unutdurular.
Bu reallıqda təhsil, bilik, inkişaf ikinci planda qalır. Əsas olan, hansı otağın kondisioneri kim tərəfindən alınıb, sinif pərdəsini kim dəyişdirib və ya bufetdən kim komissiya götürür. Direktorun otağı artıq idarə kabineti deyil – yerli qərarverici mərkəzdir.
“dogruxeber.tv” olaraq düşünürük ki, məktəblər təhsilin mərkəzi olmalıdır, biznesin deyil. Əgər məktəb direktorları qeyri-rəsmi yolla büdcə yığır, sosial ədalətsizlik yaradırsa, bu artıq təkcə etik deyil, hüquqi problemdir. Uşaqlar bilik yox, sistemin ədalətsizliyini öyrənməyə başlayırsa, bu, gələcəyin ən təhlükəli təməlidir.


