gundem / sosial / Cəmiyyət
20.08.2025
İnsan genində qorxu kodlaşdırılıb: Nəsildən-nəslə keçən travmalar sübut edildi
“dogruxeber.tv” xəbər verir ki, ABŞ və Almaniyada aparılan psixogenetik tədqiqatlar sübut edib: insan beynindəki bəzi qorxu reaksiyaları əslində şəxsi təcrübədən yox, genetik yolla keçmişdən miras qalan travmalardan qaynaqlanır. 2025-ci ilin iyun ayında Harvard Genom Mərkəzində dərc olunan hesabatda göstərilib ki, konkret qorxular – məsələn, səs, qaranlıq, qoxu və ya müəyyən məkanlara qarşı ani təlaş – bəzən insanın öz yaşantısı ilə heç bir əlaqəsi olmadan ortaya çıxır.
Müşahidələrə əsasən, Holokost qurbanlarının nəvələrində, müharibə bölgələrindən olan ailələrin üçüncü nəsillərində və şiddət yaşamış qadınların uşaqlarında qorxu, gərginlik, kəskin reaksiya və ya depressiyaya meyillilik daha yüksək olur. Bu emosional kodlar epigenetik mexanizmlərlə, yəni genin quruluşunu dəyişdirmədən, onun davranışını dəyişən “kimyəvi izlər” vasitəsilə ötürülür.
“dogruxeber.tv” xəbər verir ki, bu tapıntı psixologiya və nevrologiyada inqilab yaradıb. İndiyədək fərdi travma kimi qəbul olunan hallar indi nəsillərarası psixoloji miras kimi araşdırılır. Bu o deməkdir ki, bəzən bir insanın yaşadığı qorxunun kökü onun babasının döyüş meydanında yaşadığı vahiməyə, ya da anasının uşaq vaxtı keçirdiyi sarsıntıya dayanır.
Ən maraqlısı isə budur: bu travmalar müalicə olunmasa və dərk edilməsə, nəsillər boyu davam edə bilər. Elmi araşdırmalar göstərir ki, travma ilə üzləşmək yalnız psixoloji deyil, həm də bioloji sağalma prosesinə başlamaq deməkdir. Başqa sözlə – insan bəzən sadəcə öz həyatını yox, özündən əvvəlkiləri də sağaltmaqla yaxşılaşır.


