gundem / sosial / Cəmiyyət
27.08.2025
Pir yerlərində möcüzə axtarışı: inam və ya istismar
Azərbaycan xalqının dini və mənəvi dəyərləri ilə yoğrulmuş qədim ənənələri arasında pir və ziyarət yerlərinin xüsusi yeri var. İnsanlar yüz illərdir müxtəlif pir və ocaqları ziyarət edir, dua edir, şəfa və ümid axtarır. Bu mənəvi irs, millətin ruhuna və tarixinə bağlılığı ifadə edir. Ancaq “dogruxeber.tv” olaraq son illərdə müşahidə olunan bəzi hallar bu müqəddəs yerlərin əsl mahiyyətindən uzaqlaşdığını və bəzən inancın sui-istifadə predmetinə çevrildiyini ortaya qoyur.
Bir çox pirlər və ziyarətgahlar bu gün rəsmi olaraq dini status daşımadan fəaliyyət göstərsə də, minlərlə insan oraya axın edir. İnsanlar buradan şəfa, ruhi rahatlıq, ailə səadəti, iş, hətta uşağının qəbuluna qədər müxtəlif arzularla ümid axtarır. Amma bəzi hallarda bu inamın istismar edildiyi açıq görünür.
“dogruxeber.tv” olaraq araşdırmalarımız zamanı bəzi ziyarət məkanlarında ritualların, pul yığımı sistemlərinin və saxta “möcüzə hekayələrinin” süni şəkildə idarə edildiyini müəyyən etmişik.
Bu yerlərdə “nəzir qutuları”nın kimlər tərəfindən nəzarətdə saxlanıldığı məlum deyil. Əldə olunan vəsaitlərin şəffaf şəkildə hesabatı aparılmır. Bəzi hallarda insanlar maddi olaraq sıxıntıda olsalar belə, “nəzir verməyə məcbur” olduqlarını hiss edirlər. Pirə nəzir qoymayanlara münasibət isə soyuq və bəzən açıq-aşkar basqılı olur. Bu isə artıq mənəviyyatın deyil, manipulyasiyanın göstəricisidir.
“dogruxeber.tv” bildirir ki, dövlətin rəsmi dini qurumları bu sahədə yetərincə nəzarət və istiqamətləndirmə aparmadıqda, inanc boşluğu qeyri-rəsmi strukturlar və fərdi şəxslər tərəfindən doldurulur. Məhz buna görə də, bəzən elm və dinin ortaq cavab verə bilmədiyi suallara cavabı, insanlar tam təsdiq olunmamış “möcüzə məkanlarında” axtarmağa başlayırlar. Bu isə nəticə etibarı ilə həm dini, həm də mənəvi təmizliyi zədələyir.
İnam müqəddəsdir və hər bir şəxsin şəxsi seçimidir. Amma bu inamın üzərində sistematik şəkildə pul qazanılması, insanların emosional zəifliklərinin istismarı, dini anlayışların təhrif olunması artıq ictimai problemə çevrilməkdədir.


