gundem / sosial / hadise / Cəmiyyət
8.09.2025
Gündəliyə yazılan ölüm – Tikintidə ölümlər niyə xəbər olmur?
Hər gün yüksələn binaların kölgəsində insan həyatı çökür. Paytaxtın və iri şəhərlərin tikinti meydançalarında fəhlələr təkcə binanı yox, öz talelərini də kərpic-kərpic daşıyır. Təəssüf ki, bu daşın altında qalanlar çox zaman sadəcə bir günün gündəliyində “qəza” kimi qeyd olunur.
"dogruxeber.tv" olaraq aldığımız məlumatlarda ən acı həqiqət odur ki, tikintidə baş verən ölümlərin böyük əksəriyyəti ya ictimaiyyətə çatmır, ya da bir-iki sətirlik xəbərlə ötüşdürülür.
Səbəb isə sistemlidir: bu ölümlər artıq “adi” hal kimi qəbul olunur. Sanki bu sahədə çalışan insanların həyatının dəyəri gündəlik maaşları qədərdir. Əmək müqaviləsi olmadan çalışan minlərlə fəhlə, təhlükəsizlik qaydaları olmadan inşa edilən yüzlərlə bina, nəzarətsiz və qeyri-peşəkar şəraitdə davam edən minlərlə iş günü. Və bu "normallığın" içində ölüm hadisələri də səssiz, izsiz baş verir.
Bir fəhlə hündürlükdən yıxılır – xəbər olmur. Digəri elektrik vurur – hadisə bağlanır. Üçüncüsü gecə növbəsində işləyərkən dünyasını dəyişir – ailəsinə susmağı “məsləhət bilirlər”. "dogruxeber.tv" olaraq tikinti sahəsində çalışanlarla apardığımız söhbətlər göstərir ki, çox vaxt ölüm halları "yaxın qohumla razılaşma", "ailə yardım alacaq" və ya "mərhum da razı olardı" kimi qeyri-rəsmi cümlələrlə ört-basdır edilir.
Bəs niyə xəbər olmur?
Çünki bu ölümlər çox vaxt rəsmi statistikaya salınmır. Əmək Müfəttişliyi hadisədən xəbərsizdir, AHİK işə qarışmır, media isə məlumat ala bilmir. Bu səbəbdən “sistem” susur, vətəndaş isə öz canının qiymətini bilmir.
Bir çox tikinti şirkəti əməkdaşlarını əmək müqaviləsiz işə cəlb edir. Həftənin yeddi günü işləyən, gecə-gündüz istirahətsiz çalışan fəhlələr çox zaman təhlükəsizlik kəməri olmadan yüksək mərtəbələrdə işləməyə məcbur qalırlar. Texniki təhlükəsizlik qaydaları isə ya kağız üzərində var, ya da ümumiyyətlə tətbiq olunmur.
Ən acı hissə isə məhkəmə proseslərində görünür. Əgər hadisə rəsmi olaraq tanınsa belə, çox zaman şirkətlər məsuliyyətdən yayınır. Sübut azlığı, şahidlərin qorxması və ya susdurulması, ailənin dəstək ümidi ilə razılaşması nəticəsində cinayətkar sistem qorunur.
Fəhlənin ölümü – o binanın tikintisi qədər “dəyərsiz” olur.
Amma unutmaq olmaz: o binaların pəncərəsindən görünən mənzərələr – bəlkə də orada həyatını itirən bir ata, bir oğul, bir insanın son nəfəsi bahasına ucalıb.


