gundem / siyaset / dunya
26.06.2026
Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
Rusiya tərəfindən işğal edilmiş Ukraynanın Krım yarımadasında regional səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.
Dogruxeber.tv xəbər verir ki, bu barədə Krımın “qubernator”u Sergey Aksyonov məlumat verib.
“Bu rejim Sevastopolun meri Mixail Razvojayev ilə razılaşdırılaraq həm Krımda, həm də Sevastopolda eyni vaxtda tətbiq olunur. Məqsəd maliyyə, kredit, müqavilə və digər münasibətləri, eləcə də dəymiş ziyanın ödənilməsi prosedurlarını sadələşdirməkdir. Buna görə də hər kəsi sakit olmağa və yalnız etibarlı informasiya mənbələrinə inanmağa çağırıram. Birlikdə bunun öhdəsindən gələcəyik”, - Aksyonov bildirib.
Razvojayev isə Krım yarımadasında enerji təchizatı ilə bağlı vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını deyib:
“Təmir işləri aparılır. Ümid edirik, yaxın 24 saat ərzində Sevastopolun enerji təchizatı tam bərpa olunacaq”.
Ukrayna mediası yazıb ki, Krımda hərbi və enerji infrastrukturuna endirilən zərbələrin nəticələri hələ də hiss olunur. Sevastopolda elektrik enerjisinin verilişində fasilələr yaranıb, yarımada üzrə əhaliyə yanacaq satışı məhdudlaşdırılıb, uşaq yay düşərgələrinin fəaliyyəti isə müvəqqəti dayandırılıb.
Yanacaq təminatı ilə bağlı vəziyyət də çətinləşib. Krım “rəhbərliyi” yanacağın müvəqqəti olaraq yalnız dövlət qurumlarına satılacağını açıqlayıb.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Sevastopolun əsas elektrik yarımstansiyasına dronlarla yeddi dəfə zərbə endirdiyini açıqlayıb.



