gundem / siyaset / hadise
2.09.2021
313 nəfər “əks göstəriş sertifikatı” alıb: - “Allergiya üçün verilən testlər 100 faizlik göstərici deyil”
DogruXebər.az : - Avqustun 9-dan etibarən Azərbaycanda “COVID-19” əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "əks göstəriş sertifikatı"nın verilməsinə başlanılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda indiyə qədər cəmi 313 nəfərə "əks göstəriş sertifikatı" verilib.
Bunlar isə hamilələr və süd verən analar, kəskin allergik xəstələr və müxtəlif orqanların xəstəliklərinin kəskinləşmə dövrünü yaşayanlar, həmçinin kimyaterapiya müalicəsi alan onkoloji xəstələrin koronavirusa qarşı istifadə edilən peyvəndlərə qarşı birmənalı olaraq əks-göstərişləri olan insanlardır. Məlumatda bildirilir ki, bu sertifikatlar verilən vətəndaşlar bir müddət sonra xəstəliyin gedişindən asılı olaraq peyvəndə göstəriş yarandıqda vaksinasiya oluna bilərlər. Çünki "Əks-göstəriş sertifikatı” istisna hallarda müddətsiz verilə bilir.
Hamilələr, süd verən analar və yanaşı xəstəliyi olan insanların sayı ilə müqayisədə 313 nəfərin “əks göstəriş sertifikatı” ala biməsi çox az deyilmi?
İnfeksionist-hepatoloq Mərdan Əliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, 1 aya yaxın müddət üçün bu rəqəm az hesab edilə bilməz, çünki çox adam istəsə də, hamıya bu sertifikatlar verilmir.
“Yalnız 1 faizə verilir. Yəni, çox az xəstəlik var ki, onlara “əks göstəriş sertifitakı” düşür. Allergiyası olan insanların isə cəmi 3-5 faizinə bu sertifikatlar verilir. Çünki yalnız ağır allergik xəstəliklərə verilir. Qalanlarına isə peyvənd vurulur. Vətəndaşın yüngül allergiyası, qaşınması, yüngül bronxial asması varsa, bu halda heç bir problem olmadan vaksin vurulur.
Allergiya üçün verilən testlər 100 faizli göstərici deyil. Bunun üçün də “İnoqlobin E” testi və qanın ümumi analizinə baxılır. Xəstənin klinik vəziyyəti nəzərə alınaraq, bir yerdə dəyərləndirilir. Bəzən ola bilir ki, xəstə haçansa dərmana qarşı şok keçirdib, lakin indi analiz verdikdə o çox da yüksək çıxmır. Konkret olaraq bir rəqəm yoxdur ki, o rəqəmi keçdikdə peyvənd vurmaq olmaz.
Əgər, analizlər normal çıxırsa, peyvənd olunmaqda heç bir problem yoxdur”,- deyə həkim bildirib.
Qeyd edək ki, vətəndaşlar "Əks göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikatı” verilir. //bizimyol.info//


