gundem / siyaset
11.11.2021
"Biz də özümüzü millətə dəqiq ifadə edə bilmirik" - deputat
dogruxeber.tv: - "Təəssüf edirəm ki, cəmiyyətdə dövlətin ali qanunverici orqanına qarşı münasibət xoşagələn deyil. Görünən odur ki, Milli Məclisin üzvləri olaraq biz də özümüzü millətə dəqiq ifadə edə bilmirik. Amma nə baş verməsindən asılı olmayaraq cəmiyyət həmişə deputatların təqsirkar olduğunu düşünür. Biz, doğrudan da, gücümüz çatan bütün məsələləri müzakirəyə çıxarır, gündəmə gətiririk".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli ötən gün güclü külək nəticəsində Milli Məclisin inzibati binasının üzlüyünün qopması barədə xəbərə sosial şəbəkələrdə yazılan mənfi şərhlərə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, millət ayıq olmalı, hadisələrin əsl səbəbini bilməlidir: "Təbii fəlakət baş verib, külək Milli Məclisin inzibati binasının bir üzlüyü qoparıb. Açığı, parlament binasının necə təmir olunduğu ilə bağlı məlumatlı deyiləm, mən 7 ildir ki deputatam. Amma nəzərə almaq lazımdır ki, dünənki külək çox güclü idi. Yəni, belə təbii hadisələrin baş verməsi normaldır. Heç kimə bədbəxtlik arzulamaq lazım deyil".


