Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür.

"dogruxeber.tv" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə – gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedib, xəstəlik ocaqlarını aşkarlayıb, göz həkimlərinə mühazirələr oxuyub, əhali arasında söhbətlər aparıb.

Çox keçmədən Zərifə Əliyeva traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunub və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb.

Zərifə Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alimdir.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Zərifə Əliyevanın əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb.

Akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.//xalq.az

Oxunub: 516

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər