gundem / sosial / bolge / video / ustxeber / Cəmiyyət
25.06.2025, 14:00
“Əlaqən yoxdursa, ehtiyacın olması yetmir” – Özünüməşğulluq proqramında ədalət sual altındadır
dogruxeber.tv: - Azərbaycan dövlətinin sosial siyasətində işsiz və aztəminatlı vətəndaşların rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən proqramlardan biri də “Özünüməşğulluq proqramı”dır. Rəsmi açıqlamalara görə, proqram mərhələli şəkildə genişləndirilir və minlərlə ailə bu yolla kiçik biznes quraraq dolanışığını təmin edir.
Amma real həyatda bu sistemin necə işlədiyi və kimlərə necə çatdığı ilə bağlı ciddi suallar var. Goranboy rayonunun Təklə kənd sakini Əliyev Emin Tahir oğlunun başına gələnlər bu sualların cavabını verir.
Emin Əliyev ailəlidir, üç övladı var. Hərbi xidmətdə olarkən səhhətində yaranan problemlərə görə ona 3-cü qrup əlillik təyin olunub. Aldığı pensiya ailənin ehtiyaclarını qarşılamaqdan uzaqdır. Ona görə də kiçik heyvandarlıq təsərrüfatı qurmaq üçün “Özünüməşğulluq proqramı”na müraciət edib.
Əvvəlcə evində baxış keçirilib, qeydiyyata alınıb, amma 6 il ərzində heç bir nəticə əldə olunmayıb. Nəhayət, bu ilin fevral ayında həyat yoldaşı ilə birlikdə yenidən Goranboy Rayon Məşğulluq İdarəsinə müraciət edirlər.
Əməkdaşlar isə açıq şəkildə bildirirlər ki, "Sənin əmək qabiliyyətin yoxdur, sənə heyvan düşmür.”
Əlillər proqramdan kənardamı qalır?
Bu ifadə həm insani, həm də hüquqi baxımdan suallar doğurur. Əlilliyi olan şəxslər niyə proqramdan yararlana bilmir? Halbuki bu proqramın məqsədi məhz maddi və fiziki baxımdan çətinlik yaşayan şəxslərin rifahını yüksəltməkdir.
Amma, həyat yoldaşı da gözləyir – sistem yenə susur
Eminin həyat yoldaşı Aysel Mehdiyeva həmin gün ərizə verir, qeydiyyata alınır. Artıq bir ildən çoxdur gözləyir. Ev şəraitinə baxış keçirilib, amma proqramda növbəlilik adı altında proses uzanır.
"DoğruXeber.az" olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi sorğu göndərdik. Nazirlikdən verilən cavab isə aşağıdakı şəkildə oldu:
“Qeyd olunanlara uyğun olaraq, Aysel Mehdiyeva qeydiyyata alındığı özünüməşğulluq istiqaməti üzrə növbəlilik qaydasında şəraitinə baxış keçirildikdən sonra təlimlərə cəlb olunacaq və biznes plan qiymətləndirildikdən sonra tədbirlər görüləcəkdir.”
Yəni, sadə dildə desək: gözləyin.
Sual buradadır: nə qədər gözləmək olar?
6 il gözləyən bir ailənin ehtiyacı plan yox, praktik yardımdır. Özünüməşğulluq proqramının məqsədi statistik rəqəmlər artırmaq deyil, ailələrin dolanışığını təmin etməkdir.
Əgər sistem 6 ildə bir ailənin ehtiyacını görə bilmirsə, bu, ya idarəetmədə problem, ya da niyyətin qeyri-səmimiliyi deməkdir.
Sosial proqramlar o zaman ədalətlidir ki, həqiqi ehtiyac sahiblərinə, əlaqəsiz insanlara da çatsın. Əlilliyi olan, ailə dolandıran, dövlətdən yardım gözləyən insanlara qarşı “sənə düşmür” kimi münasibət təkcə insani yox, hüquqi cəhətdən də qəbuledilməzdir.
Mövzunu davam etdirəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
dogruxeber.tv


