gundem / sosial / Səhiyyə / Cəmiyyət
18.08.2025
Əczaxanalarla həkimlər arasında gizli ticarət varmı?
Azərbaycanda səhiyyə sahəsində uzun illərdir ki, ictimaiyyətin narazılığına səbəb olan mövzulardan biri də həkimlərlə əczaxanalar arasındakı qeyri-rəsmi əməkdaşlıq iddialarıdır. Bəzi pasiyentlər həkimlərin konkret dərman firmalarının məhsullarını israrla təyin etdiklərini, alternativ variantları isə ya qeyd etmədiklərini, ya da mənfi şəkildə təqdim etdiklərini bildirirlər. Bu cür hallar, həkim etikasına və pasiyentin seçim hüququna zidd olmaqla yanaşı, səhiyyədə şəffaflığın sual altına düşdüyünü göstərir.
"dogruxeber.tv" redaksiyasına daxil olan müraciətlər bu təcrübənin yayğın xarakter aldığını göstərir.
Mövzunu araşdıran "dogruxeber.tv" əməkdaşları bir neçə əczaxana və özəl klinikada müşahidələr aparıb, həm həkimlər, həm də pasiyentlərlə söhbət ediblər. Nəticələr göstərir ki, bəzi hallarda həkimlər müəyyən dərman şirkətləri ilə əməkdaşlıq edərək onların məhsullarını daha çox təklif etməyə üstünlük verirlər. Belə hallarda əczaxanalar da öz növbəsində həkimə dolayı və ya birbaşa gəlir vəd edir. Bunun qarşılığında isə daha çox satış və dövriyyə əldə olunur. Pasiyent isə bu sistemin passiv və xəbərsiz tərəfi olaraq, bəzən baha və ya lazımsız preparatlarla yüklənir.
Ekspertlər qeyd edirlər ki, bu cür “gizli ticarət” halları yalnız etik deyil, həm də hüquqi baxımdan problem yaradır. Hər bir həkim müalicə zamanı pasiyentin ehtiyacına əsaslanmalı, bazar maraqlarından kənar qərar verməlidir. Digər tərəfdən, dərman sektorunda rəqabətin ədalətli aparılması və vətəndaşın sağlamlığının ticarət predmetinə çevrilməməsi üçün nəzarət mexanizmləri gücləndirilməlidir. Əks halda, bu münasibətlər sağlamlıq sisteminə olan etimadı zəiflədir və pasiyentin hüquqlarının pozulması ilə nəticələnir.


